Ceyhun Bayramov Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb (FOTO)

31 may 2022-ci il tarixində Bolqarıstana rəsmi səfəri
çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan
Respublikasının Milli Assambleyasının sədri Nikola Minçev ilə
görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Nikola
Minçev Azərbaycan xarici işlər nazirini salamlayıb və bu səfərin
iki ölkə arasında əlaqələrin inkişafına müsbət töhfə verəcəyini
qeyd edib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında baş tutan ikinci
strateji dialoq görüşü çərçivəsində faydalı fikir mübadiləsinin
aparıldığını bildirib. Nazir, parlament ölçüsünün ikitərəfli
əlaqələrin vacib istiqamətini təşkil etdiyini qeyd edib. O,
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın
iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi
münasibətilə təbrik məktubunu Nikola Minçevə təqdim edib.

Bolqarıstan Milli Assambleyasının sədri məktuba görə təşəkkür
ifadə edib və qarşılıqlı təbriklərini səsləndirib.

Görüşdə iki ölkə arasında energetika, iqtisadiyyat, humanitar, o
cümlədən təhsil və mədəniyyət, habelə turizm sahəsində əməkdaşlıq
perspektivlərinin olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov Bolqarıstan Respublikasının Milli
Assambleyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı
bəyannamənin qəbul olunmasına görə qarşı tərəfə təşəkkürünü
bildirib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə münaqişə sonrası bölgədə
mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə aparılan bərpa və
quruculuq işləri barədə ətraflı məlumat verib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə
ediblər.

Teqlər: