Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində üzv ölkələrin xarici işlər nazirləri ilə görüşüb (FOTO)

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Madaqaskar xarici işlər naziri Patrik Rajoelina, Nikaraqua xarici işlər naziri Denis Moncada Kolindres və Kabo Verdenin xarici işlər naziri Rui Figeredo Soares ilə ikitərəfli görüşlər keçirib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşlərdə Azərbaycan ilə QH üzv ölkələrinin əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Tərəflər, ölkələr arasında mədəniyyət, turizm, nəqliyyat, humanitar, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, habelə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşlərdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı Azərbaycanın Hərəkatda sədrlik prioritetləri müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Azərbaycanın pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini və bunun yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulduğunu qeyd edib. Həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramı barədə qarşı tərəfə melumat verilib.

Müqabil terefler Azerbaycanın QH-yə uğurlu sədrliyini və Azerbaycan Prezidentinin QH sədri qismində COVİD-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiklərini bildiriblər.

Tərəflər beynəlxalq gündəlikdəki cari məsələlər, o cümlədən regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın növbəti təcavüzünə cavab olaraq ötən ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən Müharibəsi, 10 noyabr tarixli üçtərəfli bəyanat və onun icrası barədə qarşı tərəfə məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsini qeyd edən Ceyhun Bayramov, yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin yaradıldığını və bunun bölgənin inkişafı və rifahı üçün yeni imkanlar açdığını bildirib.

Görüşdə, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər: