29 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Almaniyada keçirilən “8-ci Berlin
enerji keçid dialoqu” tədbiri çərçivəsində Bəhreyn Krallığının
xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş
zamanı ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən
məmnunluq ifadə edildi və perspektivlər barəsində geniş fikir
mübadiləsi aparıldı.
Görüşdə nazirlər iki ölkə arasında siyasi, iqtisadi, enerji və
mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin
əhəmiyyətini vurğuladılar, eləcə də beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Bu xüsusda,
Bəhreyn Krallığı tərəfindən beynəlxalq platformalarda, o cümlədən
İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin mövqeyinin
dəstəklənməsi yüksək qiymətləndirildi.
Nazir Ceyhun Bayramov həmsöhbətinə bölgədə münaqişə sonrası
mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa,
quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim etdi.
Görüş zamanı, həmçinin Azərbaycan Respublikası və Bəhreyn
Krallığının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin,
iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin əməkdaşlığın
müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və
gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol
oynadığı qeyd edildi.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal
xarakterli məsələlərə dair fikir mübadiləsi apardılar.