Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan
Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə
görüşüb.

Nazirlikdən
Trend
-ə verilən məlumata görə, tərəflər, Azərbaycan ilə Avropa
Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf
perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov Azərbaycanın AŞ ilə 21 illik əməkdaşlıq çərçivəsinə
nəzər yetirib, bu günədək 65 müqavilənin imzalanıb, ratifikasiya
edildiyi, əlavə olaraq 7 müqavilənin imzalandığını qeyd edib.
AŞ-Azərbaycan arasında öncəki Fəaliyyət Planları çərçivəsində
qarşılılıq əməkdaşlığın əhəmiyyəti, habelə Azərbaycanın ehtiyacları
və AŞ-nın tövsiyələri əsasında işlənib hazırlanan və ümumi
əməkdaşlıq çərçivəsini təşkil edəcək yeni, 2022-2025-ci illər üzrə
Fəaliyyət Planı vurğulanıb.

Baş katib Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində ölkəyə
ilk dəfə səfər etdiyini və bu çərçivədə dövlət başçısı ilə görüşün
baş tutduğunu bildirib. Baş katib səfəri çərçivəsində AŞ-Azərbaycan
2022-2025 Fəaliyyət Planının təsis görüşündə iştirak edəcəyini
məmnunluqla qeyd edib.

Nazir AŞ rəsmisinə bölgədə mövcud olan münaqişə sonrası
vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan
tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan
azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq
işləri ilə bağlı ətraflı məlumat verib. Nazir, Azərbaycanın azad
olunmuş ərazilərində mina təhlükəsinin doğurduğu ağır fəsadlardan,
eləcə də Azərbaycan Hökumətinin həyata keçirdiyi humanitar minadan
təmizləmə işlərindən bəhs edib. AŞ Baş katibinin diqqətinə, hələ
1990-cə illərin əvvəllərindən itkin düşən 4000-ə yaxın
azərbaycanlının taleyi ilə bağlı Ermənistan tərəfindən hər hansı
məlumatın verilmədiyi çatdırılıb. Azad olunmuş ərazilərdə aşkar
olunan kütləvi məzarlıqların Ermənistan tərəfindən
azərbaycanlıların sistematik şəkildə və məqsədyönlü öldürüldüyü və
bu barədə məlumatın gizlədildiyinin sübutunu təşkil etdiyi
bildirilib.

C.Bayramov bölgənin gələcək inkişafı ilə bağlı Azərbaycanın
baxışlarını həmsöhbəti ilə bölüşüb. Beynəlxalq hüququn prinsipləri
əsasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin
delimitasiyası və bütün kommunikasiyaların açılmasının, üçtərəfli
bəyanatların müddəalarının tam yerinə yetirilməsinin bölgədə sülh,
sabitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğu
vurğulanıb.

Görüşdə tərəflər, regional və beynəlxalq gündəliyin aktual
məsələləri, Ukraynada və ətrafındakı vəziyyəti, habelə qarşılıqlı
maraq doğuran digər məsələləri müzakirə ediblər.

Teqlər: