Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya
Forumunda iştirakı çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kairat
Sarıbay ilə görüşüb.
Xarici İşlər Nazirliyindən
Trend-ə verilən məlumata görə, icraçı direktor görüşdə
Azərbaycanın ilk gündən etibarən AQEM təşəbbüsünə davamlı dəstək
göstərdiyini məmnunluq və minnətdarlıqla qeyd edib. O, xüsusilə
Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin
təhlükəsizliyi və səmərəli inkişafı üçün etimad quruculuq
tədbirləri üzrə əlaqələndirici rolunu yüksək qiymətləndirib və
sözügedən istiqamətdə ötən ilin sentyabr ayında keçirilən
ekspertlər görüşünün çox faydalı olduğunu vurğulayıb. İcraçı
direktor həmçinin təhlükəsiz və effektiv nəqliyyat dəhlizlərinin
qurulmasının AQEM çərçivəsində əsas istiqamətlərdən biri olduğunu
qeyd edib. K.Sarıbay cari ilin oktyabr ayında keçiriləcək AQEM-in
Sammitinə hazırlıq prosesi barədə məlumat verib.
C.Bayramov Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığa əhəmiyyət
verdiyini və sözügedən platformanın işində ölkəmizin yaxından
iştirak etdiyini vurğulayıb. C.Bayramov həmçinin Azərbaycanın
nəqliyyat dəhlizlərinin inkişafına verdiyi önəmi və bu istiqamətin
prioritet xarakter daşıdığını qeyd edib. Xüsusilə, post münaqişə
mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları kontekstində
Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini vurğulayan nazir bu
xüsusda Azərbaycanın mövqeyini ifadə edib.
Nazir eyni zamanda AQEM platformasının inkişafı ilə bağlı
səylərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.
Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında, habelə AQEM-in cari ilin oktyabr ayında
keçiriləcək Zirvə görüşünə hazırlıq işləri barəsində fikir
mübadiləsi aparıblar.