Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena
Beerbok ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə
ikitərəfli münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq,
regional təhlükəsizlik məsələləri, o cümlədən Avropa İttifaqı (Aİ)
ilə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.
Görüş zamanı, cari ildə iki ölkə arasında diplomatik
münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunmasına istinad
edilib, ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq
ifadə olunub.
Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli
bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə həyata keçirilən
bərpa və yenidənqurma işlərinə dair məlumat verib, habelə
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına
dair Azərbaycanın baxışı ilə bölüşüb. Azərbaycanın Aİ-nin etibarlı
tərəfdaşı olduğu və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli
rol oynadığı vurğulanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər,
regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən
Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.