15 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş zamanı tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, o cümlədən dövlət sərhədinin delimitasiya prosesi, kommunikasiyaların açılışı, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı qarşı tərəfə məlumat verərək, bu xüsusda Ermənistanın vəziyyətin gərginləşdirilməsinə xidmət edən davranışı, əsassız iddialar və qeyd şərtlərlə çıxış etməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Xüsusi nümayəndə Aİ-nin bölgədə sülh, inkişaf və rifahın təmin olunması mövqeyindən çıxış etdiyini xatırladaraq, bunun üçün müvafiq dəstəyi göstərməyə hazır olduqlarını qeyd edib.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycan və Aİ arasında yeni sazişi üzrə aparılan danışıqlar, həmçinin iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.