Çexiyanın paytaxtı Praqa şəhərində aerobika gimnastikası üzrə
keçirilən açıq beynəlxalq turnirdə qüvvəsini sınayan yığma
komandamızın üzvləri uğurla çıxış edərək 4 qızıl, 2 gümüş, 1 bürünc
medal əldə ediblər.
Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, komandamızın
üzvlərindən fərdi proqramda Məryəm Topçubaşova (12-14 yaşlılar
arasında) və Dilarə Qurbanova (15-17 yaşlılar arasında) bütün
rəqiblərini üstələyərək qızıl medal qazanıblar. Dilarə Qurbanova,
Sara Əlixanlı və Sənəm Kazımovadan ibarət üçlüyümüz (15-17 yaşlılar
arasında) və Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə
Qurbanova, Sənəm Kazımovadan ibarət qrupumuz (15-17 yaşlılar
arasında) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar.
Komandamızın digər təmsilçisi Vladimir Dolmatov fərdi növdə
böyüklər arasında gümüş medal qazanıb. Böyüklər arasında üçlük
proqramında Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva və Vladimir
Dolmatov da ikinci olublar.
Qarışıq cütlüklər proqramında Vladimir Dolmatov və Mədinə
Mustafayeva bürünc medala sahib çıxıblar.