Çexiya hökuməti fövqəladə vəziyyət rejiminin müddətini uzatmaq istəyir

Çexiya hökuməti koronavirus epidemiyası ilə əlaqədar ötən ilin oktyabr ayının 5-dən ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini aprelin 11-dək uzatmaq istəyir.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Çexiyanın baş nazirinin birinci müavini və Daxili İşlər Naziri Yan Qamaçek deyib.

Nazir bildirib: “Fövqəladə vəziyyət rejimi ən azı aprelin 11-dək uzadılmalıdır. Hökumət üzvləri bu barədə razılığa gəliblər”.


Y.Qamaçek vurğulayıb ki, Nazirlər Kabineti fövqəladə vəziyyət rejiminin uzadılması ilə əlaqədar qərarı yaxın zamanda baş tutacaq iclaslardan birində qəbul edəcək və daha sonra təsdiq edilməsi üçün ölkə parlamentinin aşağı palatasına təqdim edəcək.

Qeyd edək ki, ötən ilin oktyabr ayının 5-dən qüvvədə olan fövqəladə vəziyyət rejiminin müddəti martın 28-i bitməli idi.