Cərrah Aynur Səfiyeva nüfuzlu “Springer” nəşriyyatında nəşr olunmuş kitabda bir paraqrafın müəllifidir

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.f.d. Aynur Səfiyeva
məşhur “Springer” nəşriyyatının yenicə çapdan çıxmış “Anal fistula
və abses” adlı kitabında bir paraqrafın müəllifidir. Dr.Aynur
Səfiyevanın bu kitabda dərc olunan paraqrafının adı “Anal
fistulaların lazerlə müalicəsi” adlanır. Müəllifin bu paraqrafı
yazmaqda məqsədi son illərdə ən yeni əməliyyatlardan biri sayılan
anal fistulalarda lazerlə müalicə üsullarını araşdırmaqdır.

Anal fistula əsasən düz bağırsağı əhatə edən toxumaların
iltihabı nəticəsində yaranan perianal dəri ilə düz bağırsağın
açılması arasında patoloji bir yoldur. Xəstəliyin əmək
qabiliyyətli, fiziki işlə məşğul olan insanlarda daha çox rast
gəlinməsi yeni müalicə üsullarının axtarışını zəruri edir.
Xəstəliyin təsnifatı, müalicəsi və diaqnozu bu günə qədər çoxlu
sayda müzakirələrin mövzusu olmuşdur. Bunun əsas səbəbi ciddi elmi
araşdırmalara baxmayaraq, ağırlaşmaların daha çox olmasıdır.

Son illərdə ABŞ və Avropada mürəkkəb anal fistulaların
müalicəsində yeni tendensiyalar müşahidə edilmişdir ki, bunlar
biotexnologiyanın müasir nailiyyətlərindən istifadə etməklə əldə
edilmiş yeni toxumaların, o cümlədən bioloji parçalana bilən
materialların və biomateriallardan hazırlanmış bioprotez tıxacların
tətbiqinə əsaslanır. Həmkarımız öz məqaləsində bütün bunları
araşdırmış və lazer üsulu ilə fistulaların müalicə yollarını
göstərmişdir. Dr.Aynur Səfiyeva anal fistulaların lazerlə
müalicəsində yenilənmiş diaqnostik prosedurları, üsulları və
göstəriciləri təqdim etmişdir.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsi və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla
bütün kollektiv bu münasibətlə Dr.Aynur Səfiyevanı təbrik edir, ona
gələcək fəaliyyətində uğurlar diləyir!

Teqlər: