Burada Ermənistan köhnə taktikasından istifadə edir. Sözügedən taktikanın məqsədi isə şərti sərhəddə təxribatlar törətməklə gərginlik mövzusunu gündəmə gətirmək və buraya beynəlxalq aləmin diqqətini çəkmək yolu ilə xarici qüvvələri bölgəyə cəlb etməkdir. Bəhs etdiyimiz xarici qüvvələr sərhədlərin delimitasiya və demarkasiyasına kömək, atəşkəs rejiminə nəzarət edəcək missiya adı altında ola bilər.
Bu sözləri AzerTimes-a dünən Entoni Blinkenin İlham Əliyev və Paşinyanla, Borrellin Ceyhun Bayramovla telefon danışığı apardığı saatlarda Ermənistan ordusunun Daşkəsəndəki mövqelərimizi atəşə tutmasını şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan Moskvanın bölgəni tərk etmə ehtimalından çəkinir:
“Çünki Ermənistan Rusiyanın Cənubi Qafqazı tərk etməsindən sonra anneksiya siyasətinin iflasa uğramasından ehtiyat edir. İndi də rəsmi İrəvanın böyük dövlətlərin arxasında gizlənib öz siyasətini davam etdirməyə ümidi var. Qərbin bölgəmizdə Rusiyaya qarşı ikinci cəbhə açma planı da baş verən hadisələrin əsas səbəblərindən biridir. Bölgədə kimin hegemonluğunun təmin olunacağı məsələsi böyük dövlətləri narahat edən məsələdir. Rusiya və onun rəqibi olan Qərb münaqişəni nəzarət altında saxlamaqla regionu idarə etmək istəyir”.