Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edir və onun sabitliyi, təhlükəsizliyi bilavasitə regiondakı sabitlikdən asılıdır.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfirinin müşaviri Dmitri Litskay İrəvanda Rus Evinin təşkil etdiyi “Ənənələrdən təhlükəsizliyə” Rusiya-Ermənistan-Gürcüstan forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya region xalqları ilə çoxəsrlik əlaqə, o cümlədən diasporlar vasitəsilə bağlıdır:
“Bu səbəbdən Cənubi Qafqazda baş verənlər Rusiyanın özünə də ağrılı və həssas təsir göstərir. Bölgə coğrafi baxımdan böyük olmasa da, geosiyasi və geoiqtisadi xətlərin kəsişdiyi klasterdir. Cənubi Qafqazdan yenidən düşünməyi və həll etməyi tələb edən mürəkkəb münaqişə qovşaqları keçir. Bölgədə mövcud olan xarici qüvvələr üçün Cənubi Qafqaz eksperiment imkanının olduğu yerdir, çünki nəsə səhv olarsa, xaricdə, buradan minlərlə kilometr uzaqda olanlar üçün bu, kritik olmayacaq. Rusiyanın səhv etmək hüququ yoxdur, çünki hər hansı bir səhv daxili siyasi və iqtisadi baxımdan eskalasiyanın növbəti mərhələsidir. Bu, yenə də iqtisadi inkişaf layihələrinin ləngiməsinə və tranzit marşrutlarının fəaliyyətsiz qalmasına gətirib çıxaracaq”.