Yanvarın 5-də yerli vaxtla saat 09:00-dan 11:00-dək Şimali Koreya ordusunun bölmələri ölkənin cənub-qərb sahillərində döyüş atışlı dəniz təlimləri keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Koreya Xalq Ordusunun Baş Qərargahının məlumatında deyilir.
Bildirilib ki, dəniz qüvvələrinin döyüş atışlı təlimi ilin əvvəlindən bütün sərhəd bölgəsi yaxınlığında irimiqyaslı artilleriya atəşi və manevrlər həyata keçirən Cənubi Koreya ordusuna qarşı görülən təbii cavab tədbiridir.
“Döyüş mərmilərinin atış istiqaməti hətta Panqnendo və Yeonfendo adalarına dolayı təsir belə göstərməyib”, – hesabatda deyilir.
Xatırladaq ki, Şimali Koreya yanvarın 5-də səhər öz qərb sahillərindəki sulara 200-ə yaxın artilleriya mərmisi atıb.
Buna cavab olaraq Cənubi Koreya Şimali Koreya istiqamətində 400-ə yaxın atəş açıb.