“Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi üzrə planlar vacib əhəmiyyət daşıyır – Rumıniyanın energetika naziri (MÜSAHİBƏ)

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

Trend BİA-nın Rumıniyanın energetika naziri Vircil Daniel Popesku ilə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 7-ci iclası münasibətilə özəl müsahibəsi

Azərbaycan 2020-ci ilin sonunda Avropaya Xəzər qazını nəql edən “Cənub Qaz Dəhlizi”ni istismara verdi. Rumıniyanın bu layihəyə qoşulmaq perspektivləri və yolları nədən ibarətdir? Bu istiqamətdə hansı işlər aparılır?

– Rumıniya 2018-ci ildə “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının iclasında ilk iştirakından etibarən layihəyə yeni elementlərin əlavə olunması ilə iştiraka sadiqliyini və fəal dəstəyini nümayiş etdirib. Söhbət BRUA qaz kəmərindən gedir. Bu layihə Rumıniya-Bolqarıstan interkonnektoru ilə birgə “Cənub Qaz Dəhlizi”nin həm Mərkəzi Avropa, həm də Balkan bölgəsi arasında vacib halqasını təşkil edir. BRUA qaz kəmərinin ilkin mərhələsi 2020-ci ilin noyabrında, ləngimə olmadan, cədvələ uyğun başa çatıb. Boru kəməri qonşu ölkələr arasında qarşılıqlı əlaqəni lazımi səviyyədə təmin edəcək və təbii qazın müxtəlif mənbələrdən, o cümlədən Xəzər regionundan nəqli üçün yeni marşrut yaradacaq.

BRUA qaz kəməri Şaquli qaz dəhlizinin vacib komponentidir və Rumıniyanın milli qaz-nəqliyyat sisteminin ayrılmaz hissəsidir. Bu layihə bir sıra vacib üstünlüklərə malikdir: qaz-nəqliyyat infrastrukturu artıq başa çatıb, təhlükəsizdir, dayanıqlıdır və mühüm istehlak potensialına malik bazarlar (Şərqi və Mərkəzi Avropa) üçün nəzərdə tutulub.

“Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi üzrə planlar vacib əhəmiyyət daşıyır, çünki yeni qaz tədarükçüləri hələ də yeganə tədarükçüdən asılı olan Balkan və Cənub-Şərqi Avropa ölkələri üçün zəruridir. Ona görə də biz “Cənub Qaz Dəhlizi”nin gələcək mərhələlərində Rumıniya-Bolqarıstan interkonnektoru və BRUA qaz kəmərinin təklif etdiyi nəqliyyat infrastrukturunun istifadəsinin imkanlarının təhlili üçün Anlaşma memorandumunun imzalanması barədə razılıq əldə etmək məqsədilə Azərbaycan rəhbərliyi ilə ikitərəfli danışıqların bərpasına ümid edirik.

Hazırda Rumıniya ilə Azərbaycan arasında enerji əməkdaşlığının əsas amilləri hansılardır? İki ölkə enerji sahəsində əməkdaşlığı necə genişləndirə bilər?

– Rumıniya Azərbaycanla strateji enerji tərəfdaşlığını, enerji sektorunda uzunmüddətli və məhsuldar əməkdaşlığı, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması üzrə birgə səylərdə fəal iştirakını yüksək qiymətləndirir.

Rumıniya regionda müasir və səmərəli qaz-nəqliyyat şəbəkəsinin inkişafında fəal iştirak edir. Rumıniya Yunanıstan, Bolqarıstan, Macarıstan və Avstriyanın qaz-nəqliyyat sistemlərini birləşdirəcək və “Cənub Qaz Dəhlizi” ilə nəql olunan qazın bir hissəsini qəbul edə biləcək Şaquli qaz dəhlizinin əsas seqmenti olan BRUA qaz kəmərinin birinci mərhələsini başa çatdırmaqla bunu nümayiş etdirib. Ümid edirik ki, Rumıniya Avropaya yeni tədarük yolu açan bu ambisiyalı layihəni həyata keçirən komandanın bir hissəsi olacaq.

Mən həm də qeyd etmək istəyirəm ki, Rumıniyanın təbii qaz sektorunda iki vacib şirkəti, ROMGAZ və TRANSGAZ Azərbaycanın SOCAR şirkəti ilə uğurla əməkdaşlıq edir. Həmin şirkətlər xarici bazarda fəaliyyətini genişləndirmək və SOCAR-la səmərəli əməkdaşlıq variantları müəyyənləşdirmək niyyətindədir. Faktiki olaraq, TRANSGAZ 2016-cı ildə SOCAR şirkəti ilə “Cənub Qaz Dəhlizinin Şaquli qaz dəhlizinə qoşulması kontekstində əməkdaşlığın inkişafı barədə Anlaşma memorandumu imzalayıb.

SOCAR-ın Rumıniyanın Qara dəniz şelfində kəşfiyyat və hasilat işlərində iştirak perspektivini necə qiymətləndirirsiniz?

– Qara dənizdə əhəmiyyətli qaz ehtiyatlarının hasil olunması regionun növbəti onilliklər üçün enerji təhlükəsizliyinin möhkəmlənməsinə həlledici töhfə verə bilər. Rumıniya üçün təbii qaz azkarbonlu iqtisadiyyata keçidi üçün vacib əhəmiyyət kəsb edir və milli enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Rumıniya offşor əməliyyatları üzrə zəngin ənənələrə malikdir və bu sektorda çox yaxşı mütəxəssislər var.

Son illərdə Azərbaycan tərəfi Qara dəniz şelfində yeni qaz yataqlarının yaradacağı imkanlarına maraq göstərir. Bu ehtiyatların işlənməsi, eləcə də investisiyaların cəlb olunması və zəruri texnologiyalara və biliklərə malik beynəlxalq şirkətlərlə əməkdaşlıq Rumıniya üçün prioritet olaraq qalır.

SOCAR-ın Rumıniyadakı hazırkı fəaliyyətini necə qiymətləndirirsiniz?

– SOCAR Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş vacib enerji layihələrində iştirak edir. Biz şadıq ki, Rumıniya SOCAR-ın biznesinin inkişafının prioritet istiqamətlərindən biridir. Ümid edirik ki, bu, Azərbaycan təbii qazının Avropaya nəqli ilə bağlı da belə olacaq.

SOCAR 2011-ci ildən Rumıniya bazarında iştirak edir və artıq ölkə səviyyəsində şaxələndirilmiş yanacaqdoldurma məntəqələri şəbəkəsi yaradıb. Hazırda SOCAR PETROLEUM Rumıniyanın 40 mahalından 24-də 61 yanacaqdoldurma məntəqəsinə malikdir və yerli bazarın vacib iştirakçısıdır. SOCAR yanacaqdoldurma məntəqəsi isə rumıniyalı sürücülər arasında tanınan brendə çevrilib.

Teqlər: