Cənub Qaz Dəhlizi tərəfdaşlar və bütövlükdə Avropa üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür – Vüqar Rəhimzadə

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional və beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində stimulverici amil rolunu oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurları bugünümüzün reallıqlarıdır. Enerji sahəsində əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını daha da genişləndirməsi Azərbaycanın artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihərinin uğurlu icrası nəticəsində həm iştirakçı, həm də bütövlükdə dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafının təmin olunması üçün geniş imkanlar yaranır.

Bu fikirləri AzerTimes-a Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ənənəvi olaraq Bakıda keçirilən görüşlərinin növbəti 7-ci toplantısına yönəldərək bildirib ki, Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcı, ən əsası bu günədək enerji sektorunda görülən işlərin zirvəsi olaraq Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qazandığı nüfuzun təsdiqidir: “2014-cü ildə bu layihənin təməli qoyuldu. Layihə uğurla, vaxtında icra edilərək 2018-ci ildə rəsmi açılışı oldu. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı əhatə edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır”.

Baş redaktor bildirib ki, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə yanaşı, iyun ayında onun əsas tərkib hissələrindən biri olan TANAP-ın istifadəyə verilməsi dünyanın enerji xəritəsinin yenidən tərtib edilməsi istiqamətində Azərbaycanın təşəbbüslərinin dəstəklənməsi kimi dəyərləndirildi: “Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu layihə əməkdaşlıq və qarşılıqlı etimadın uğurudur. Ümumilikdə, Cənub Qaz Dəhlizinin icrası Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına geniş imkanlar açacaq”.

“Müstəqilliyin başlıca şərti olan milli təhlükəsizliyin bilavasitə enerji təhlükəsizliyindən asılı olması ilə bağlı deyilənlərin sübutu Azərbaycanın timsalında özünün aydın ifadəsini tapır” söyləyən V.Rəhimzadə qeyd edib ki, son illərdə ölkəmizin təşəbbüsü ilə reallaşan möhtəşəm enerji və nəqliyyat layihələri bu həqiqətin təsdiqidir: “Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi iri neft-qaz layihələrinin ardıcılları, Avropanın ən nəhəng enerji layihələri olan TANAP və TAP Azərbaycanın dünyanın enerji gündəmindəki mövqeyini möhkəmləndirir, ölkəmizə regional və beynəlxalq marağı daha da artırır. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın 2020-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Baxmayaraq ki, ötən ildə dünyanın, o cümlədən Azərbaycanın əsas diqqəti koronavirus infeksiyası ilə mübarizəyə yönəlmişdi, yenə də ölkəmiz heç bir layihənin icrasını yarımçıq saxlamadı, uğurlu sonluqla başa çatdırılmasına nail oldu. 2020-ci il dekabrın 31-də TAP-ın istifadəyə verilməsi də bunun təsdiqidir. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsində önəmi ilə fərqləndiyi kimi, həm də tərəfdaşlar, bütövlükdə Avropa məkanı üçün üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür. Cənub Qaz Dəhlizi həm yeni yollar, həm də yeni mənbə layihəsidir”.

Baş redaktor bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin hər bir toplantısı ötən bir ilin yekunlarının və yeni muəyyənləşdirilən prioritetlərin təqdimatıdır: “O da məlumdur ki, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyulduqdan sonra bu toplantıların 2015-ci ildən ənənəvi olaraq keçirilməsinə başlanıb. 7-ci toplantı bu mənada xüsusi diqqətçəkəndir ki, artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin də icrası başa çatıb, bu layihənin perspektivləri, qarşıdakı dövrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılır. Uğurlarımız fonunda bu həqiqət də etiraf edilir ki, dünya birliyi üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrin, beynəlxalq tədbirlərin reallaşması yalnız ən etibarlı və əsas tərəfdaş olan Azərbaycanın iştirakı ilə mümkündür: «Regionda dinamik inkişafı ilə liderliyini qoruyan, dünya siyasətinə təsir imkanları getdikcə genişlənən Azərbaycan daim iqtisadi əməkdaşlığın genişləndirilməsinə diqqəti artırır, region və dünya dövlətlərini bir araya gətirmək istiqamətində mühüm təşəbbüslərin müəllifi kimi çıxış edir, bu ideyaların gerçəkləşməsinə nail olur. Enerji layihələrinin müəllifi, istehsalçısı, təchizatçısı, tranzit ölkə kimi də tanınan, neft-qaz kəmərləri şəbəkəsini şaxələndirməklə dənizləri birləşdirən Azərbaycan əldə etdiyi nailiyyətlərə düşünülmüş siyasəti, beynəlxalq hüquq normalarına sadiqliyi ilə nail olur. Qarşılıqlı əməkdaşlığa, maraqlara xidmət edən bütün layihələrə böyük həssaslıqla yanaşan Azərbaycan hər zaman etibarlı tərəfdaş statusunu əməli işi ilə doğruldur”.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Cənub Qaz Dəhlizi layihəsi tərəfdaşlarının iştirakı ilə Bakıda keçirilən Məşvərət Şurası çərçivəsində nazirlərin bütün toplantılarında Azərbaycanın səyləri dünya enerji bazarına töhfələr verən və layihələrin şaxələndirilməsində təşəbbüskarlğı ilə fərqlənən tərəfdaş kimi dəyərləndirilir: “Hesab edirəm ki, Cənub Qaz Dəhlizinin icrası Azərbaycanın enerji diplomatiyasının növbəti təntənəsidir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda şübhəsiz ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq, ölkəyə investisiya axınını gücləndirəcək. Neft-qaz ixracından əldə olunan gəlirlər regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından irəli gələn tapşırıqların icrasına yönəldilir. Nəzərə alaq ki, İkinci Qarabağ müharibəsində Zəfərimiz Böyük Qayıdışa yol açdı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinə start verilib. Bu ərazilərin malik olduğu imkanlardan səmərəli istifadə daim öz aktuallığını qoruyan iqtisadiyyatın şaxələndirilməsini daha da sürətləndirəcək”.

Teqlər: