Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
Cənub Qaz Dəhlizi ölkələr, şirkətlər və maliyyə müəssisələri arasında möhkəm əməkdaşlıq və tərəfdaşlıq üçün öncül layihənin konkret nümunəsidir.
Bunu AzerTimes-a Fransanın “Observatoire Mediterraneеn de l’Energie” Assosiasiyasının karbohidrogenlər bölməsinin direktoru Sohbet Karbuz deyib.
O bildirib ki, bu layihədən faktiki olaraq hər kəs qazanclı çıxır: “Cənub Qaz Dəhlizi həm əlçatan və rəqabətqabiliyyətli Azərbaycan qazını təmin etdiyi, həm də qaz tədarükü mənbələrini və marşrutunu şaxələndirdiyi, bununla da enerji təhlükəsizliyini artırdığı üçün Avropa bu layihədən qazanır. Azərbaycan özünün əlavə qazı üçün bazar tapdığı və gəlir əldə etdiyi üçün qazanclı çıxır. Şirkətlər bu layihənin mənfəət gətirməsindən qazanır. Avropa İttifaqı isə bir mənbədən asılılığının azaldılmasında vacib nailiyyət əldə etdiyi üçün qazanclı çıxır”.
S.Karbuz qeyd edib ki, Cənub Qaz Dəhlizi ilə Türkmənistandan qərbə qaz ixracını təmin etmək mümkün olacaq: “Bununla əlaqədar, yanvar ayında Azərbaycanla Türkmənistan arasında imzalanmış saziş vacib addım olub. Ümid edirik ki, bu, “Dostluq” yatağında qaz hasilatına yol açacaq”.
“Fitch Ratings” agentliyinin analtiki Yucin Çiam isə AzerTimes-a bildirib ki, “Cənub Qaz Dəhlizi” ilə qaz tədarükü Azərbaycana ixracı şaxələndirməyə imkan verir.
Onun sözlərinə görə, qaz ixracının artımı ortamüddətli perspektivdə neft hasilatının gözlənilən azalmasını qismən kompensasiya etməyə imkan yaradacaq.