Cənub Qaz Dəhlizi inanılmaz uğur tarixçəsidir – Ekspert

Xəbər - Nərgiz Sadıxova – Trend:

Cənub Qaz Dəhlizi inanılmaz uğur tarixçəsidir.

Bunu Trend-ə ABŞ Ali hərbi-dəniz donanma məktəbinin müəllimi, ekspert Brenda Şaffer deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi, COVID-19 və bir çox digər məsələlərə baxmayaraq, Cənub Qaz Dəhlizi vaxtında başa çatdırıldı və ona planlaşdırıldığından daha az vəsait xərcləndi: “İlkin olaraq, layihənin büdcəsi 45 milyard dollar məbləğində müəyyən edilmişdi, amma yekunda layihə 33 milyard dollara başa gəldi. Bu, neft-qaz sahəsində müstəsna haldır. Bundan başqa, layihə Avropada qaz qiymətlərinin 2008-ci ildən sonra ən yüksək olduğu, neftin qiymətinin 75 dolları keçdiyi müddətdə işə salınıb. Bu isə onu ifadə edir ki, “Şahdəniz” yatağından hasil olunan kondensat da yüksək qiymətə satılacaq”.

Ekspert əlavə edib ki, ötən qış Avropa boru kəməri qazının mayeləşdirilmiş təbii qazla müqayisədə üstünlüklərinin şahidi oldu: “Avropada və Asiyada eyni anda qeydə alınmış qəfil soyuqlaşma qaz çatışmazlığına və qiymətlərin artmasına gətirib çıxardı. Mayeləşdirilmiş təbii qaz yüklərinin böyük hissəsi, qiymətlərin daha yüksək olduğu Asiyaya göndərilib. Amma boru kəməri qazı, o cümlədən TAP vasitəsilə tədarük edilən qaz Avropaya fasiləsiz və nəzarət olunan qiymətlərlə daxil olub. Hazırda Avropada qaz qiymətlərinin yüksək olmasının səbəblərindən biri anbarların doldurulmaması və son aylarda mayeləşdirilmiş təbii qaz çatışmazlığı olub”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: