Cənub Qaz Dəhlizi həm Avropa ölkələrinin, həm də Azərbaycanın enerji təhlükəsizliyini gücləndirir – Səttar Möhbalıyev

“Azərbaycan qazı gələcəkdə Avropanın bir çox digər ölkələrinə də nəql oluna bilər. Məsələn, İtaliya üzərindən Qərbi Avropa ölkələrinə təbii qazın nəqli reallaşdırıla bilər. Şərqi Avropada isə təbii qazın Rumıniya və Macarıstan bazarlarına daşınması real görünür. Bu təxminlər əslində Cənub Qaz Dəhlizinin geniş perspektivə malik strateji bir layihə olduğunu göstərir”

Bu sözləri AzerTimes-a Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili bildirib ki, Cənub Qaz Dəhlizinin inşasının başa çatması ilə Avropa ölkələri ilə yanaşı Azərbaycan qazının Türkiyə və Gürcüstana da ixracı artacaq: “İlk növbədə qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin inşasının başa çatması Azərbaycanın eyni zamanda həm öz torpaqlarını işğaldan qurtarmaq uğrunda müharibə aparmaq, həm də mühüm beynəlxalq layihənin icrasından irəli gələn vəzifələrini uğurla yerinə yetirmək gücünə sahib olan bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Etiraf olunmalıdır ki, bu çox ciddi bir nailiyyətdir və onun əldə olunması Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin növbəti təntənəsi kimi dəyərləndirilməlidir. Həmçinin bu layihənin ölkəmiz üçün müstəsna iqtisadi əhəmiyyət kəsb etdiyi də danilmaz faktdır. Belə ki, Cənub Qaz Dəhlizinin inşasının başa çatması ilə Avropa ölkələri ilə yanaşı Azərbaycan qazının Türkiyə və Gürcüstana da ixracı artacaq. Cari ildə Azərbaycandan Gürcüstana təxminən 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya 5 milyard kubmetrdən çox təbii qazın ixrac edilməsi gözlənilir. Növbəti ildə isə TAP vasitəsilə Azərbaycandan İtaliyaya 13 faiz, Yunanıstana 20 faiz, Bolqarıstana isə 33 faiz təbii qaz çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji təhlükəsizliyini gücləndirir, bazarları, istehlakçı ölkələr üçün mənbələri və marşrutları şaxələndirir.”


Daha sonra AHİK sədri vurğulayıb ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı iştirakçıların sayının əvvəlkindən daha artıq olması Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq layihələrə qlobal miqyasda marağın və ölkəmizə olan etmadın getdikcə artmasına dəlalət edir: “Ölkə Prezidenti cənab İlham Əliyev də toplantıdakı çıxışında qeyd etdi ki, orada 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak etmişdir. Əlbəttə ki, bu rəqəmlər Azərbaycana və ölkəmizin iştirakı ilə reallaşan layihələrə olan marağın, ən əsası da etibarlı tərədaş kimi ölkəmizə göstərilən etimadın getdikcə daha da artmasından xəbər verir. Cənub Qaz Dəhlizi hazırda Avropanı Xəzər dənizi ilə bağlayır və bu, dünya miqyaslı infrastruktur vasitəsilə baş tutu. Layihə eyni zamanda həm Avropa ölkələrinin, həm də Azərbaycanın enerji təhlükəsizliyini gücləndirir. İlk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına 3500 kilometrlik məsafəni qət edərək daxil olur. Cənab Prezidentin qeyd etdiyi kimi, layihə vaxtında tamamlandı və büdcəyə də qənaət edildi. Nə bütün dünyanı iflic vəziyyətinə gətirmiş pandemiya, nə də Cənubi Qafqazı hər an dünyanın növbəti “qaynar nöqtəsinə” çevirə biləcək müharibə Azərbaycana əngəl ola bilmədi. Ümumiyyətlə ölkəmizdə keçən il heç bir layihənin icrası dayandırılmadı, təxirə salınmadı. Bu isə əlbəttə ki, Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə daha yüksəlməsini şərtləndirən əsas amillərdən biridir.”

Sonda Səttar Möhbalıyev, həmçinin Cənub Qaz Dəhlizinin böyük perspektiv imkanlara malik olduğunu da qeyd etdi: “Cənub Qaz Dəhlizi bundan sonra uzun illər bütün iştirakçı ölkələrin iqtisadiyyatlarının inkişafına mühüm töhfələr verəcək. O cümlədən Azərbaycan qazı gələcəkdə Avropanın bir çox digər ölkələrinə də nəql oluna bilər. Məsələn, İtaliya üzərindən Qərbi Avropa ölkələrinə təbii qazın nəqli reallaşdırıla bilər. Şərqi Avropada isə təbii qazın Rumıniya və Macarıstan bazarlarına daşınması real görünür. Bu təxminlər əslində Cənub Qaz Dəhlizinin geniş perspektivə malik strateji bir layihə olduğunu göstərir. Artıq qeyd olunduğu kimi, Azərbaycan öz ərazilərini 30 illik erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmiş və bununla da enerji dəhlizinin fiziki təhlükəsizliyini artırmışdır, layihəyə hərbi hədələri aradan qaldırmışdır. Bundan sonrakı mərhələlərdə isə ölkəmiz Cənub Qaz Dəhlizinin verdiyi imkanlardan yararlanaraq öz iqtisadi qüdrətini daha da artıracaq və yeni, daha möhtəşəm qələbələrə imza atacaq.”

Teqlər: