Xəbər - Ləman Zeynalova – Trend:
Cənub Qaz Dəhlizi Bolqarıstanı və onun qaz-nəqliyyat sistemini bütün Mərkəzi və Cənub-Şərqi Avropa regionu üçün alternativ mənbələrdən qaz təchizatı infrastrukturunun vacib hissəsinə çevirəcək.
Bunu Trend-ə özəl müsahibəsində Bolqarıstanın energetika naziri Aleksandr Nikolov deyib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi həm də Yunanıstanla Bolqarıstan arasında interkonnektorla (IGB) birləşəcək.
“IGB layihəsi Bolqarıstana və Mərkəzi və Cənub-Şərqi Avropanın digər ölkələrinə Cənub Qaz Dəhlizinə çıxış imkanı təqdim edəcək. Bu, həm də Bolqarıstana “Şahdəniz-2” yatağından razılaşdırılmış illik 1 milyard kubmetr qaz almağa imkan verəcək. İnterkonnektor həm də Yunanıstanın mayeləşdirilmiş təbii qaz terminalından ABŞ, Qətər, Əlcəzair, Nigeriya, gələcəkdə isə İsrail və Misir kimi istehsalçılardan qaz almağa imkan verəcək. Bununla əlaqədar biz gözləyirik ki, təbii qazın rolu Aİ səviyyəsində yeni təşəbbüslərin hazırlanmasında adekvat şəkildə nəzərə alınacaq. Enerji keçidi mərhələsində təbii qaz, xüsusilə, karbon yüklü regionlarda alternativə malik deyil”, – deyə o bildirib.
A.Nikolov qeyd edib ki, Bolqarıstanın enerji mənbələrinin şaxələndirilməsi ilə bağlı əsas məqsədlərindən biri Xəzər regionundan təbii qaz tədarükünün genişləndirilməsidir.
IGB-nin işə salınması müddətləri barədə
Nazirin sözlərinə görə, Bolqarıstan hesab edir ki, Yunanıstanla qaz interkonnektorunun kommersiya istismarı 2022-ci ilin ikinci yarısından başlayacaq.
O qeyd edib ki, Bolqarıstan tərəfi Azərbaycanla tərəfdaşlığa ümid edir.
“Bu tərəfdaşlığın təməli 2013-cü ildə Bolqarıstanın “Bulgargaz“ şirkəti Azərbaycanın AGSC şirkəti arasında “Şahdəniz-2” yatağından ildə 1 milyard kubmetr qazın tədarükü ilə bağlı müqavilənin imzalanması ilə qoyulub. Şaxələndirmə bizim iqtisadi və siyasi hədəfimizdir. Hesab edirəm ki, bizim bu istiqamətdə ümumi yanaşmamız var. IGB-nin tikintisində ləngimələrə baxmayaraq, biz ciddi səylər göstəririk və ümid edirik ki, interkonnektorun kommersiya istismarı 2022-ci ilin ikinci yarısından başlayacaq. Bu tədarüklərin şaxələndirilməsi üçün real imkan yaradacaq. Belə ki, IGB Bolqarıstanın bütün Cənub-Şərqi Avropa regionu və Cənub Qaz Dəhlizi ilə əlaqəsidir”, – nazir deyib.
Nazir qeyd edib ki, IGB layihəsi həm Bolqarıstan, həm də ümumilikdə Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyır.
“Bu, Yunanıstanın DESFA qaz-nəqliyyat sistemi operatorunun şəbəkələrini Trans-Adriatik boru kəmərinə (TAP) Komotini məntəqəsində Bolqarıstanın “Bulgargaz“ şirkətinin nəqliyyat sisteminə Stara Zaqora şəhərində birləşdirəcək. IGB Avropa İttifaqının ümumi maraq kəsb edən layihələri siyahısına daxil edilib. Bu, “Mərkəzi və Cənub-Şərqi Avropanın enerji bağlılığı” təşəbbüsü çərçivəsində reallaşdırılan yeddi prioritet qaz layihələrindən biridir”, – A.Nikolov deyib.
SOCAR-ın Bolqarıstan bazarında iştirakı barədə
Bolqarıstan tərəfi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkənin qaz infrastrukturuna investisiyalara marağını alqışlayır, deyə nazir bildirib.
“Bir tərəfdən bu, bizim üçün ölkədə qaz bazarı potensialının, digər tərəfdən isə Azərbaycan kimi strateji tərəfdaşla əməkdaşlığın dərinləşməsinə doğru addımdır. Biz SOCAR-a bütün zəruri məlumatları təqdim etmişik və onlardan xəbər gözləyirik”, – o deyib.
Nazir qeyd edib ki, Bolqarıstanda abunəçilərin qazlaşdırılması prosesində beş faizlik inkişaf əldə olunub və bu, Enerji strategiyasında qeydə alınan prioritetlərdən biridir.
“Biz enerji səmərəliliyinin artırılması imkanı qismində isitmə və digər məişət məqsədləri üçün elektrik enerjisinin təbii qazla əvəz olunmasını nəzərdən keçiririk. Bundan başqa, biz Azərbaycanın qaz saxlama sahəsində təcrübəsini öyrənmək istərdik. Hazırda biz elektrik enerjisi və təbii qazın saxlanma gücünün mövcud və yeni tikilməkdə olan qaz anbarlarının inkişafı hesabına artırılması üzərində işləyirik”, – A.Nikolov deyib.
Alternartiv enerji sahəsində əməkdaşlıq perspektivləri
Bolqarıstan Avropa “yaşıl” saziş kontekstində Azərbaycanla bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı və yeni texnologiyaların tətbiq olunması ilə enerji səmərəliliyinin artırılması sahəsində əməkdaşlıqda maraqlıdır, deyə A.Nikolv qeyd edib.
“Bolqarıstan bərpa olunan enerji mənbələri texnologiyalarının tətbiqi üzrə liderdir. Biz bərpa olunan enerji mənbələrinin istifadəsini genişləndirməyə çalışırıq. Eyni zamanda, proqnozlaşdırılır ki, 2030-cu ilədək biokütlə, günəş və külək enerisindən elektrik enerjisinin ümumi balansda payı müvafiq olaraq 17,1, 3,8 və 1,5 faizədək artacaq”, – o deyib.
Nazir əlavə edib ki, Bolqarıstan və Azərbaycan gələcəkdə fotoelektrik layihələr çərçivəsində əməkdaşlıq edə bilər.
“Bolqarıstan fotoelektrik layihələr sahəsində, xüsusilə tikinti sahəsində liderdir. Yerli şirkətlər Aİ-də və bütün dünyada fəaliyyətini uğurla genişləndirib. Alternativ enerji mənbələri qismində hidrogen layihələri, eləcə də enerji saxlanması imkanlarının artırılması dekarbonizasiya üzrə hədəflərimizin reallaşması baxımından vacibdir. Əminəm ki, bu cür layihələrin gələcək reallaşdırılmasında bizim Azərbaycan tərəfi ilə əməkdaşlığımız faydalı olacaq”, – deyə o bildirib.
A. Nikolov qeyd edib ki, Bolqarıstan Aİ-nin üzvü kimi Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığı gücləndirə bilər.
“Aİ-Azərbaycan tərəfdaşlığı prioritetləri çərçivəsində əməkdaşlığın dörd əsas sahələri – qarşılıqlı əlaqə, enerji səmərəliliyi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi tədbirləridir. Aİ və Azərbaycan arasında bir çox sahələrdə genişləndirilmiş və qarşılıqlı faydalı əməkdaşlığı, əsas sektorlarda siyasi dialoqun gücləndirilməsini və ticarətin stimullaşdırılmasını nəzərdə tutan yeni çərçivə sazişi üzrə danışıqlarda böyük irəliləyiş əldə olunub”, – nazir əlavə edib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)