Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Xəbər - Elçin Mehdiyev – Trend:

Cənub Qaz Dəhlizi Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid rolunu oynamaqla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin əzmkarlığı, siyasi qətiyyəti və təşəbbüsü sayəsində Azərbaycan yeni neft və qaz layihələrinin həyata keçirilməsinə nail olub:

“Prezident İlham Əliyevin uzaqgörənliklə atdığı addımlar regionun enerji xəritəsinin dəyişməsinə səbəb olub və Azərbaycanın müəllifi olduğu enerji dəhlizlərinin coğrafi hüdudları genişlənib. Cənub Qaz Dəhlizinin reallaşmasında əsas siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur”.

A.Hüseynov deyib ki, dəhliz Bakı-Tbilisi-Ərzurum kəmərinin genişləndirilməsini, Trans-Anadolu (TAP) qaz kəmərinin inşasını və bu kəmərin məntiqi davamı olan Trans-Adriatik boru kəməri (TANAP) layihəsinin tikintisini və ümumilikdə, bu layihələrin icrası nəticəsində Xəzər qazının Avropaya nəqlini təmin etdi. Artıq dəhlizin əsas yanacaq mənbəyi “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qaz Avropaya nəql olunur ki, bu da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm amildir”.

Deputat bildirib ki, bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq mövcuddur: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri bu əməkdaşlığın inkişafında yeni səhifə açır. Şarl Mişelin səfəri zamanı çox səmərəli görüşlər keçirildi, müzakirələr aparıldı. Eyni zamanda, Şarl Mişel bir sıra məkalara baş çəkdi. Belə ki, Şarl Mişel Azərbaycana səfəri çərçivəsində “Azərkosmos” ASC-yə ziyarət etməklə, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatda iştirak etməklə ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə tanış oldu.

Şarl Mişel, həmçinin Azərbaycanla Aİ arasında münasibətlərin strateji tərəfdaşılıq səviyyəsinə yüksəldilməsi barədə danışdı. Bütün bunlar Azərbaycanla Aİ arasında əməkdaşlığın bundan sonra daha sürətli templərlə inkişaf edəcəyini göstərir”.

Teqlər: