“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayan infrastrukturdur

Xəbər - Ləman Zeynalova -Trend:

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli telekanallara müsahibəsində bəyan edib ki, bu il ölkə təxminən 19 milyard kubmetr qaz ixrac edəcək. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir. Ölkənin qaz potensialı həm müəyyən həcmi ixrac etməyə, həm də daxili tələbatı ödəməyə imkan verir. “Cənub Qaz Dəhlizi”nə qoşula bilən interkonnektorlar Azərbaycan qazını daha geniş coğrafiyaya çıxarmağa qadirdir. Avropadakı qaz böhranı fonunda “Cənub Qaz Dəhlizi”nin Avropanın enerji təhlükəsizliyi və enerji şaxələndirilməsinə əhəmiyyəti daha da üzə çıxır.

ABŞ-ın Azərbaycandak sabiq səfiri Metyu Brayza Trend-ə deyib ki, “Cənub Qaz Dəhlizi” əlverişli qiymətlərlə etibarlı təbii qaz tədarükünün təmin olunması baxımından Avropa hökumətləri və özəl şirkətlər üçün həlledici əhəmiyyət daşıyır, bu isə həmin ölkələrə öz iqtisadiyyatını, suverenliyini və müstəqilliyini möhkəmləndirməyə kömək edəcək.

O qeyd edib ki, “Cənub Qaz Dəhlizi” ilə 6 milyard kubmetr qaz Türkiyəyə, 10 milyard kubmetr qaz Avropaya nəql olunur.

Amerikalı ekspert və analitik İrina Tsukerman hesab edir ki, yeni reallıqlar fonunda “Cənub Qaz Dəhlizi” Avropaya enerji daşıyıcıları tədarük edən digər ölkələrlə münasibətləri möhkəmləndirmək imkanı yaradacaq.

“Aİ enerji təchizatı baxımından digər ölkələrdən çox asılıdır, enerji daşıyıcılarının azı 54 faizi xarici mənbələrdən daxil olur. Azərbaycandan Avropaya marşrut üç boru kəmərindən ibarətdir. Cənubi Qafqaz, Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri. Bu marşrut “Şahdəniz” yatağından qaz tədarük edir. Layihə həm də ABŞ tərəfindən mühüm dəstək alıb”, – deyə o bildirib.

Ekspert qeyd edib ki, Avropa bərpa olunan enerji mənbələrinə, xüsusilə də külək enerjisinə böyük diqqət ayırıb.

“Amma enerji siyasətinin düzgün idarə olunmaması, o cümlədən səmərəsiz bərpa olunan enerji mənbələrindən (külək turbinləri) istifadə və atom elektrik stansiyalarının bağlanması enerji təchizatında əlavə problemlər yaratdı və enerji asılılığını gücləndirdi. Enerji istehlakı, karbon tullantıları ilə bağlı qeyri-real hədəflər və enerji mənbələrinin şaxələndirilməsinin məhdudlaşdırılması faktiki olaraq Aİ-nin xarici mənbələrdən asılılığını artırdı və bu, enerji böhranına yol açdı. Bütün bu reallıqlar fonunda “Cənub Qaz Dəhlizi” Avropa üçün enerji daşıyıcıları tədarük edən digər ölkələrlə münasibətləri möhkəmləndirmək imkanı yaradır. Bərpa olunan enerrji mənbələrinə stabil çıxışın olmaması ilə əlaqədar qaz təchizatının əlçatanlığı Avropanın əlində olan yeganə seçimdir”, – İ.Tsukerman deyib.

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələr regionun və Avropanın enerji xəritəsini formalaşdırır. Azərbaycanın əsas hədəfi enerji təhlükəsizliyini təmin etmək və qlobal inkişafa töhfə vermək, bununla da istehsalçı, tranzit və istehlakçı ölkələrlə sıx əməkdaşlığa nail olmaqdır. Özünün enerji siyasətində qlobal tendensiyaları nəzərə alaraq Azərbaycan hər zaman daxili, regional və qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunması məqsədini güdür. Bu məqsədin bariz nümunəsi olan “Cənub Qaz Dəhlizi” 2020-ci il dekabrın 31-də istismara verilib və Azərbaycan, onun qonşuları və Avropa üçün tarixi nailiyyət olub. Bu, Avropanın enerji təhlükəsizliyinin vacib elementidir və təkcə marşrutların deyil, həm də tədarük mənbələrinin şaxələndirilməsini təmin edir.

Twitter:@Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: