Xəbər - İlhamə İsabalayeva – Trend:
Cənub Qaz Dəhlizi 8 illik davamlı və gərgin fəaliyyətin uğurlu nəticəsidir.
Bunu AzerTimes-a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, dünən baş tutmuş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının videokonfrans formatında 7-ci iclası bu böyük layihənin tamamlanmasından sonra ilk belə iclas olduğundan böyük əhəmiyyət daşıyırdı. Çünki layihə tamalandıqdan sonra əldə edilmiş nailiyyətlərin nəzərdən keçirilməsi və perspektivlərin geniş müzakirəsi vacib idi:
“Tədbirdə 18 ölkənin nazir və yüksək səlahiyyətli nümayəndələrinin, dünyanın 5 aparıcı maliyə qurumunun və müxtəlif şirkətlərin rəhbərlərinin bu müzakirələrə qatılması və aktiv iştirakı toplantının aktuallığının göstəricisi idi. Bu dəhliz üzrə ilk müqavilə 9 il əvvəl 2012-ci ilin ortalarında bağlanmışdı. Nəhayət, min kilometrlərlərlə uzunluğa sahib bir dəhliz hökumətlər, beynəlxalq təsisatlar, maliyyə-kredit təşkilatları, hasilat və nəql sistemlərinin operatorları və digər qurumlar arasında sistemli əməkdaşlığın, güclü kommunikasiyanın sayəsində tamamlandı. Odur ki, 8 illik davamlı və gərgin fəaliyyətdən sonra “bu layihə böyük uğurla başa çatdı”- deyə bilərik”.
İqtisadçı qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi kimi müxtəlif istiqamətli elementləri özündə birləşdirir. Bu dəhlizin əsas məqsədi nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatın növbəti, yəni ikinci mərhələsinin işlənməsi, bu vaxt hasil ediləcək qazın Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ixracını təmin etmək idi. Bu prosesin ilk mərhələlərində isə ixrac istiqaməti Türkiyə və Cənubi Avropa nəzərdə tutulur. “Şahdəniz” layihəsinin tammiqyaslı istismarından sonra növbəti mərhələlərdən başlayaraq Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarını təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq. Buna görə də bu Avropaya təhlükəsiz, etibarlı və rəqabətqabiliyyətli tədarükünü təmin edən mühüm yeni ötürücü sistem kimi qəbul edilməlidir:
“Bu dəhliz eyni zamanda respublikamızın yeni qaz yataqlarının aşkarlanmasına, mövcud yataqlarda hasilatın artırılmasına geniş imkanlar yaradacaq. Eyni zamanda, Türkmənistanla imzalanmış memoranduma əsasən, işlənməli olan “Dostluq” yatağının hasilat həcmlərinin realizə edilməsində bu dəhliz son dərəcə vacib rol oynayacaq”.