“Bizim.media” 27 iyul tarixində iki tibb bacısı olmaqla, 3 nəfərin 26 günlük körpənin meyitini qaçırmasını əks etdirən görüntülər paylaşıb.
Görüntülərdən də aydın olur ki, vəfat etmiş körpənin sahibləri 3 nəfəri ittiham edir, onlardan körpələrinin meyitini istəyir və qalmaqal yaranır.
Sosial şəbəkədə yayılan və hər şeyin gün kimi ortada olduğu bu görüntüləri AzerTimes saytı da digər media qurumları kimi, ilkin mənbəyə istinadla tirajlayıb.
Zəruri olaraq xatırladaq ki, məsələ Baş Prokurorluğun nəzarətindədir və hazırda araşdırmalar gedir. Yəni Baş Prokurorluğun araşdırmasının nəticəsi hələlik ortada yoxdur və kimin haqlı-haqsız olması da bəlli deyil. Əlbəttə ki, Baş Prokurorluğun araşdırmasının nəticəsi elan edilən kimi dərc ediləcək və məsələyə aydınlıq gətiriləcək.
Ancaq o videoda adı belə çəkilməyən həkim-ginekoloq “Bizim.media” ilə yanaşı, AzerTimes saytını da məhkəməyə şikayət edib – həm də xüsusi ittiham qaydasında.
Ərizə redaksiyanın ünvanına daxil olmayıb, şikayətçinin nədən “narahat” olduğu da bəlli deyil, yalnız redaksiya olaraq araşdırmalarımız və “Bizim.media”dakı həmkarlarımızla müzakirələrdən sonra müəyyən edə bilmişik ki, bizi məhz bu xəbəri tirajladığımız üçün məhkəməyə şikayət ediblər.
Ərizənin bərbad gündə yazıldığı da işi icraata götürən Mahirə Kərimovanın köməkçisinin telefon zənglərindən aydın olur. Şikayət ərizəsinin redaksiyaya daxil olmamasından hakim qəti narahat deyil, üstəlik, Aynur Camalqızı da AzerTimes-ın baş redaktoru olaraq göstərilir.
Məhkəməyə sənəd göndərilir, Aynur Camalqızının AzerTimes-ın baş redaktoru deyil, AzerTimes-ın da daxil olduğu media qrupunun baş direktoru olduğu bildirilir, üstəlik, ağır əməliyyatdan çıxdığı və hazırda işə gələ bilmədiyi, media qrupunu təmsil edəcək vəkilin prosesdə iştirakının təmin ediləcəyi qeyd edilir.
Hakim Mahirə Kərimovanın istəyi ilə köməkçi israrla baş direktorun prosesdə iştirakını tələb edir.
Niyə, Məhkəmə-Hüquq Şurasının çox hörmətli sədri, dəyərli nazirim? Hansı əsasla bərbad gündə tərtib edilən ərizə icraata götürülməli və heç bir səbəb olmadan vəkilin deyil, yanlış olaraq baş redaktor kimi göstərilən baş direktorun iclasda iştirakında israr edilməlidir? Həbs etməkmi istəyir bu hakim jurnalisti? Hansı səbəbə?
Əvvəla, bu video və materialın mənbəyi AzerTimes deyil; AzerTimes bu materialı yüzlərlə media qurumundan biri kimi istinadla tirajlayıb;
İkincisi, “Bizim.media” ilə bərabər, niyə yalnız AzerTimes məhkəməyə verilib? Niyə yüzlərlə media qurumu da məhkəməyə verilməyib?
Üçüncüsü, informasiyada “tibb bacısı” olaraq göstərilən şəxslərin kimliyi haqda heç bir məlumat yoxdur. “Oğru elə bağırdı ki…” məntiqi ilə tez-tələsik məhkəməyə müraciət edənin ərizəsini hakim hansı məntiqlə qəbul edib?
Dördüncüsü, Baş Prokurorluğun araşdırmasının nəticəsi ortada deyilsə, hakim Mahirə Kərimova nə deyib şikayətçinin ərizəsini götürür? Hansı qanun və məntiqlə prosesi aparacağını düşünür? Niyə iddiaçı tərəfin heç bir günahı olmadığı haqda Baş Prokurorluqdakı araşdırmanın nəticəsini gözləmir? Bəlkə Baş Prokurorluq onları meyit oğrusu kimi içəri soxacaq?
Baş Prokurorluq oğurluq faktının baş vermədiyini araşdırmaları nəticəsində ortaya çıxararsa, “Bizim.media” o materialı yaymazsa və yaxud mənbənin təkzibini ona istinad edən media qurumu qərəzlilik göstərib, verməzsə, onda hansısa məhkəmə presedenti yarana bilər. Bu adi məntiqi anlamayanlar niyə heç bir səbəb olmadan bizi məşğul edir?
Və bu, yeganə fakt deyil axı!
Cənab nazir, bir müddət əvvəl də Yasamal Rayon Məhkəməsində Günel Əkbərli adlı hakimin rüsvayçı qətnaməsindən Məhkəmə-Hüquq Şurasının sədri kimi sizə açıq müraciət etmişdik. G.Əkbərli 2017-ci ildə rayon məhkəməsinin qərarı ilə bəlli edilən təzminatı 2022-ci ilin “uşaqların aylıq minimum xərcləri”nə indeksasiya etməkdən imtina etmişdi. Halbuki 2017-ci ildə verilən qərarda təyin edilən məbləğ məhz həmin ilin “uşaqların minimal xərci” ilə hesablanmışdı və bu rəqəmin indeksasiya olunması adi, adidən adi bir prosesdir. G.Əkbərli öz qərarını bir dəfə ləğv etməklə, prosesi inhisarına almaqla, 8 ay ləngitməklə, faktiki olaraq 2022-ci ildə ödəniləcək məbləği indeksasiya etməməklə cavabdeh tərəflərin maraqlarına xidmət etdi, həm də qanunsuzcasına! Bu qanunsuzluq hələ də davam edir; hələ də qətnaməni təqdim etməyib ki, apellyasiya şikayəti verək.
Bu hakimlər harda imtahan verir, necə təyin edilir, bunlar hansı qanun, məntiq və ağılla qərarlar verirlər? Bunlara kim nəzarət edir? İnsanları bu qədər ədalətsizcəsinə incitməklə dövlətimizdən küsdürmək səlahiyyətini onlara kim verib?
Biz niyə öz işimizlə məşğul olmamalı, hakim ədalətsizlikləri içərisində qıvrılmalı, əsəbimiz pozulmalı, vaxtımız getməli və ölkədən küsməliyik?
Bu hakimlər ölkəmlə fəxr etməyimizə imkan vermirlər!
Bu hakimlər öz savadsız qərarları ilə sahibkarları incidirlər, ölkəmizə sərmayə qoyacaq investorları qaçırdırlar!
Bu hakimlər ölkəmiz haqda yanlış rəy yaradılmasına səbəb olurlar!
Biz nə vaxta qədər bu hakimlərdən əziyyət çəkəcəyik?
Biz hüquqşünas deyilik və iddianı Məhkəmə-Hüquq Şurasında necə qaldıracağımızı bilmirik. Biz jurnalistik, ədalətsizliyi, bax, bu cür sizin diqqətinizə çatdıra bilərik və çatdırırıq.
Siz heç bir addım atmırsınızsa, heç bir nəticə olmursa, nə edək? İşimizi-gücümüzü atıb, düşmənlə informasiya savaşındakı səngərimizi tərk edib, məhkəmə ədalətsizliyi ilə bağlı mübarizə aparmaq üçün hüquq təhsili alaq, yoxsa hərəmiz 5 vəkil tutaq? Heç o qədər vəkil də yoxdur bu ölkədə!
Məhkəmə-Hüquq Şurasının çox hörmətli sədri, cənab nazir, bu ədalətsizlikləri nəzarətə götürməyinizi sizdən israrla xahiş edirik!
Bizə mane olan, işləməyimizə imkan verməyən, əhalini dövlətimizdən küsdürən, investorları qaçıran hakimlərdən canımızı qurtarmağınız lazımdır!
Buna siz qərar verməlisiniz, biz deyil!
Böyük sayğılarımızla Məhkəmə-Hüquq Şurasından və Ədliyyə Nazirliyindən cavab gözləyirik!