Xəbər - Elçin Mehdiyev – Trend:
Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçildiyi vaxtdan qarşıya qoyulan bütün hədəflərə uğurla nail olub, xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirib.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlər əldə olunub: “Cənab Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən və düşünülmüş siyasəti uğurla davam etdirərək Azərbaycanı qüdrətli ölkəyə çevirib, ölkəmiz beynəlxalq aləmdə mövqelərini xeyli möhkəmləndirib, Azərbaycan dünyada böyük nüfuz və etibar qazanıb.
Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə Azərbaycan iqtisadiyyatı ciddi əsaslarla inkişaf edib. Son 17 il ərzində ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluq 49 faizdən 5 faizə enib. Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılıb”.
A.Həsənova bildirib ki, iqtisadi sahədə əldə olunan nailiyyətlər ordu quruculuğu sahəsində ciddi işlər aparmağa, o cümlədən ordumuzun müasir silahlarla təchiz edilməsinə şərait yaratdı: “Azərbaycanın qarşısında duran bir nömrəli məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli idi. Cənab Prezidentin apardığı uğurlu siyasətin ana hədəfində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası dayanırdı. Məhz bu sahədə cənab Prezident həm beynəlxalq müstəvidə, həm daxili quruculuq istiqamətində böyük işlər gördü və bütün bu işlərin nəticəsi 44 günlük Vətən müharibəsində öz gözəl bəhrəsini verdi. Müzəffər ordumuz cəmi 44 gün ərzində ermənilərin uydurduğu mifi darmadağın edərək 30 illik həsrətə son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi”.
Deputat qeyd edib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə prioritet istiqamətlərdən biri də cəmiyyətdə mövcud olan xoşagəlməz hallara, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübarizə və onların aradan qaldırılması olub: “Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı vaxtdan korrupsiyaya qarşı mübarizə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda beynəlxalq təcrübə nəzərə alınaraq korrupsiyaya qarşı mübarizə sahəsində mütərəqqi qanunvericilik bazası formalaşdırılıb, mühüm kadr islahatları və institusional tədbirlər həyata keçirilib.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə üzrə tədbirlər bu gün də uğurla həyata keçirilir və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atılır.
Mütəmadi olaraq yüksək rütbəli məmurların korrupsiya cinayətlərinin ifşa edilməsi korrupsiyaya qarşı mübarizənin nə qədər ciddi olmasını göstərir”.