Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil edilib (FOTO/VİDEO)

Müdafiə Nazirliyini xətti ilə 12 dekabr ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil edilib.

AzerTimes-ın məlumatına görə, media-tur zamanı Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov bu hərbi təhsil ocağının yaranma tarixi, inkişaf yolu və fəaliyyəti, təlim-tədris prosesi barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu oldu. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır.

Daha sonra media nümayəndələri hərbi liseyin tədris korpusları, tibb məntəqəsi, idman kompleksi, kursant yataqxanası və digər inzibati binaları ilə tanış olub. Sonra isə kursantların tədris prosesi, fiziki hazırlıq, məişət hazırlığı və hərbi hazırlığı ilə tanış olublar.

Cəmşid Naxçıvanski adına Hərbi Lisey təhsil sistemi günü-gündən təkmilləşir, müasirləşir, yenilənir və durmadan inkişaf edir. Hərbi liseydə təhsil sisteminin təkmilləşdirilməsi üçün aparılan uğurlu islahatlar müsbət nəticələr verməkdədir.

Teqlər: