Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların növbəti buraxılış mərasimi keçirilib (FOTO)

Xəbər - trend:

İyunun 19-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2021-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın dövlət himnini ifa etdikdən sonra, liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov çıxış edərək əlamətdar gün münasibətilə Müdafiə naziri və öz adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Liseyin məzunlarına yaxa nişanı, fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunduqdan sonra, məktəbi ən yüksək nailiyyətlərlə bitirən məzun kursant Nicat Qayıbov emblemi rəmzi yaş kötüyünə vurub.

Daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edildikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Buraxılış mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlarla başa çatıb.

Teqlər: