Cəmiyyətin hər bir üzvü narkomaniyaya qarşı aktiv mübarizə aparmalıdır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Müasir dünyada cəmiyyəti narahat edən ən ciddi problemlərdən biri də narkomaniya, “ağ ölümdür”. Narkomkaniya insanların təkcə sağlamlığına deyil, mənəviyyatına, ümumilikdə cəmiyyətin sağlamlığına da ciddi zərbə vurur.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, narkomaniya ilə mübarizə bu gün ən ümdə məsələlərdən biri olmalıdır: “Düşünürəm ki, burada cəmiyyətin hər bir üzvü aktiv mübarizə aparmalıdır. Narkomaniya ilə mübarizə öncə ailədən başlamalıdır. Çünki çox təəssüflər olsun ki, bu gün artıq narkomaniya çox cavanlaşıb, bir sıra hallarda 9-14 yaşlıların da narkomaniyaya qurşanmasının şahidi oluruq.

Bunun səbəbi isə bəzən o yaşda uşaqların nəzarətsiz qalmalarıdır. Burada əlbəttə valideyinin üzərinə böyük məsuliyyət düşür. Valideyinlər gərək hələ həyatı tam dərk edə bilməyən, “ağ ölüm”ün hansı bəlalar gətirə biləcəyini anlamayan azyaşlı uşaqlarını daim nəzarətdə saxlasınlar, onların kimlərinsə çirkin əməllərinin qurbanına çevrilməsinə imkan verməsinlər”.

Deputat bildirib ki, bu gün narkomaniyanın yayılmasında internetin də az rolu yoxdur: “İnternet üzərindən narkotik vasitələrin satışı ilə bağlı demək olar ki, hər gün cinayətlərin üstünün açıldığını görürük. İnternet narkotik vasitələrin satışı üçün əlverişli məkana çevrilib. Bu gün ölkə əhalisinin böyük əksəriyyətinin, o cümlədən azyaşlıların internetə çıxışı olduğunu nəzərə alsaq, internnet üzərində narkotiklərin satışı çox təhlükəli tendensiyaya çevrilmiş olur.

Digər bir təhlükə isə son dövrlərdə xüsusilə daha çox gündəmə gələn psixotrop maddə olan “patı” və “şüşə” adlanan metamfetaminin və heroinin yayılmasıdır. Çox təəssüf ki, bu maddələrin təsirindən gənclərin ölüm xəbərlərini eşidirik. Bütün bunlar bizim üçün ciddi siqnal olmalıdır. Cəmiyyət olaraq narkomaniya ilə mübarizədə fəal olmalıyıq. Eyni zamanda, hüquq-mühafizə orqanları narkomaniya ilə mübarizəni gücləndirməli, müvafiq qurumlar maarifləndirmə və təbliğat işlərini artırmalıdır. Burada vətəndaş cəmiyyəti təşkilatlarının da üzərinə böyük yük düşür. Qeyri-hökumət təşkilatları da bu sahədə fəallıqlarını artırmalı, gənclərin və yeniyetmələrin maarifləndirilməsində yaxından iştirak etməlidir. Cəmiyyətimizin gələcəyi və sağlamlığı naminə birlikdə bu bəla ilə mübarizə aparmalı və gənclərimizi bu pis vərdişlərdən qorumalıyıq”.

Teqlər: