Evin tək oğlunu və kimsəsiz uşaqları ön xəttə göndərməmək lazımdır. Bunu bizim səfərbərlik sistemimiz, Müdafiə Nazirliyi artıq ciddi araşdırmalıdır. Əvvəllər Azərbaycan ailələrində 6-7 uşaq olurdusa, indi əksər ailələr 1 və ya 2 uşaqlıdır.
Bu sözləri AzerTimes-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
“Bu məsələdə bizim səhiyyə problemimiz də ortaya çıxır. Çoxsaylı oğullarımızın əsaslı şəkildə hərbi xidmətə getməyə imkanı olmur. Uşaqlıq yaşlarından daşıdığı onurğa və digər xəstəlikləri olur. Bunların hamısı zamanında müalicə olunmamağın nəticəsidir. Uşaqların məcburi dispanzerizasiyası məsələsi isə artıq xərcdir. Bu istiqamətdə mütləq düşünmək, sağlamlığa strateji məsələ kimi baxmaq lazımdır. Sağlamlığa baxış olmadığı üçün səfərbərliyi lazımı səviyyədə həyata keçirməkdə də çətinliklər yaşanır. Belə halda isə ailələr zülm çəkir.
Amma bu gün arxa cəbhə özü də bir şərti məsələdir. O cinahda olanlar arxa cəbhə kimi qiymətləndirilirsə, bəs Qarabağda ermənilərlə üz-üzə olan hansı cəbhə sayılır? Bu müharibə şərtləri elədir ki, burada artıq ön və ya arxa cəbhə anlayışı yoxdur.
Bizim yanlışımız ondadır ki, biz xarici ölkələrə müharibənin bitməsi xəbərini versək də, cəmiyyətimizə bu bəyanatı verməli deyildik. Bu gün cəmiyyət də haqlı olaraq deyir ki, bəs deyirdiniz müharibə bitib? Bitməyib axı! Əgər müharibə bitibsə, biz niyə hələ də şəhid veririk?!
Biz olduğu kimi deməliyik hər şeyi. Bəli, döyüş dayanıb. Amma müharibə sülh sazişi imzalanana qədər, bəlkə də ondan sonra da baş verə bilər. Bizim kimi müstəqilliyini bərkitməmiş ölkələrdə belə risklər hər zaman var. Ona görə də biz cəmiyyəti arxayınlaşdırmamalıyıq. Bizim verdiyimiz şəhidlər kifayət qədər çoxdur. Amma bu, həm də müharibənin davamıdır. Bunu başqa adla tanımaq da mümkün deyil”, – Fazil Mustafa deyib.