Cəlilabad rayonu, Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Cəlilabad Rayon Prokurorluğundan AzerTimes-a bildirilib ki, araşdırmalarla bələdiyyənin sabiq sədri Aygün Məlikovanın öz qulluq mövqeyindən istifadə etməklə 2020-ci ilin yanvar-dekabr ayları ərzində bələdiyyə mülkiyyətinə aid 62 hektar ərazisi olan torpaq sahəsini qanunsuz yolla ayrı-ayrı şəxslərin icarəsinə verməsi və dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 4 070 manat vəsaiti şəxsi ehtiyaclarına xərcləməsi, bundan başqa, daha əvvəl həmin vəzifədə işləmiş Rasif Həsənov tərəfindən özünə 2 240 manat məbləğində artıq əmək haqqı yazılması nəticəsində ümumilikdə 6 310 manat məbləğində bələdiyyə büdcəsinə ziyan vurulmasına dair əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.