“Cəfər Cabbarlı” stansiyasının yerüstü sahəsində təmir-bərpa işləri aparılır (FOTO)

“Cəfər Cabbarlı” stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsinə iki istiqamətdə – tunel yolunda və yerüstü sahədə başlanılıb.

Bakı Metropolitenindən AzerTimes-a verilən məlumata görə, plana uyğun olaraq, stansiya ilə yanaşı, onun davamı olan bitişik tunel yolunun bir hissəsində metropoliten tarixində ilk dəfə ağac şpalları dəmir-beton bloklar əvəzləyəcək. Təşkilati məsələlər sırasında mühüm əhəmiyyət kəsb edən vəzifələr həllini tapıb. Bu mənada avadanlıq, maşın və mexanizmlərin cəlb edilməsi ardıcıllığı, beton məhlulun verilməsi üsulu, aidiyyəti sahələrin iş rejimi də daxil olmaqla texnoloji proseslər, pandemiya şəraitinə uyğun normaların təmin edilməsi və s. məsələlər xüsusi yer tutub.

İlk əvvəl təmir aparılan yolun təmas xətti sökülüb, relslər çıxarılıb. Yol yatağının dağıdılmasının daha sürətli aparılması məqsədilə maşın və mexanizmlər cəlb edilib. İlk işlərə məhz tunel sahəsində başlanılıb. Stansiya yolunda isə dəmir-beton blokların qurulması platformada yenidənqurma tədbirlərinin tərkib hissəsi olaraq davam etdiriləcək.

Yeni infrastrukturun yaradılmasına beton əsaslı özülün qoyulması ilə başlanacaq. Sonramüvafiq konstruksiya qurularaq dəmir-beton bloklar düzüləcək və betonlanma yerinə yetiriləcək. İşlər yolun yeni tipli üstquruluş elementlərinin texnoloji tələblərə uyğun yığılması ilə davam etdiriləcək.

Bir daha qeyd etmək yerinə düşər ki, ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsi metropoliten üçün mühüm əhəmiyyət kəsb edir. Metropolitenin öz sahəsində istehsal edilən dəmir-beton bloklar material baxımından ölkə xaricindən asılılığın, həmçinin kapital axınının qarşısını almaqla yanaşı, iqtisadi səmərəyə və praktiki əhəmiyyətə malikdir. Ağac şpallardan 3 dəfəyə yaxın uzunömürlü olan dəmir-beton blokların qulluğu sadə, qatarların rəvan və təhlükəsiz hərəkəti baxımından vacibdir.

İlk dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda təməli qoyulmuş yenilik “Elmlər Akademiyası”, “Xətai” stansiyalarında və “Cəfər Cabbarlı” stansiyasının bir yolunda tətbiq edilib. Yeni tipli yol infrastrukturu yeni Bənövşəyi xətdə “Xocəsən deposu-Avtovağzal” və “Memar Əcəmi-8 Noyabr” mənzillərində, “8 Noyabr” stansiyası və dalan yollarında özünü təsdiq edib. “Cəfər Cabbarlı” stansiyasının birinci yolu və tunel hissəsində isə, ümumilikdə, 630 metrə yaxın sahəyə dəmir-beton blok qoyulacaq.
Yerüstü sahədə (“28 May” stansiyasının qarşısındakı meydança) görülən planlı tədbirlərə gəldikdə, “Cəfər Cabbarlı” stansiyasının konstruksiyalarının mühafizəsini gücləndirmək üçün izolyasiya təbəqəsi və kommunikasiya xətləri yenidən qurulur. Bu xüsusda yağıntı sularının stansiyaya sızmasının qarşısı alınaraq, kənarlaşdırılması üçün drenaj sistemi də qurulur. Bundan savayı, zamanla zədələnərək sıradan çıxmış döşəmə daşları ətraf ərazinin ümumi estetik görkəminə uyğun əvəzlənəcək. Yerüstü sahədə işlər tamamlandıqdan sonra “Cəfər Cabbarlı” stansiyasının vestibülü və maili gedişinin təmirinə başlanılacaq.
Ümumən təmir-bərpa və yenidənqurma prosesi piyadaların, o cümlədən metropoliten sərnişinlərinin hərəkət təhlükəsizliyi tam təmin edilməklə təşkil olunub.

Teqlər: