Cəbrayılın minalardan təmizlənməsini gözləyirəm, işlər bitən kimi öz doğma torpağımıza qayıdacam – Cəbrayıl sakini

Xəbər - Fərid Zöhrabov -Trend:

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gündür.

Cəbrayıldan qaçqın düşən Fazil Quliyev rayonlarının azad olunması xəbərini eşidərkən hansı hisslər keçirdiyini Trend-ə danışıb.

Fazil Quliyev bildirib ki, bu gün onun üçün ən xoşbəxt günlərdən biridir: “Doğulduğum Cəbrayıl rayonunun azad olunmasından bir il ötür.

Mən özüm də Birinci Qarabağ müharibəsi veteranıyam. Cəbrayıl, Füzuli və Zəngilanın uğrunda erməni işğalçılara qarşı döyüşmüşəm”.

F.Quliyev qeyd edib ki, Cəbrayılın düşməndən azad olunma xəbərini işdə olarkən iş yoldaşından eşidib: “Bu xəbəri eşidəndə sevincimdən hönkürüb ağladım. Neçə illər idi ki, bu günü gözləyirdim. Yaşadığım İsmayıllı rayonunda olan məhəlləmizdə düşüb insanlara “şirinlik” payladım.

Mən ilk növbədə bizə bu sevinci yaşadan ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.

F.Quliyev əlavə edib ki, hazırda İsmayıllı rayonunda yaşayır: “Cəbrayılın minalardan təmizlənməsini gözləyirəm. İnşallah ordakı təmizlənmə və yenidənqurma işləri bitən kimi öz doğma kəndimiz olan Şıxlar kəndinə qayıdacam”.

Teqlər: