Sentyabrın 20-dən axşam saatlarından etibarən cəbhə bölgəsində gərginlik başlayıb.
Dünən saat 23 radələrində ermənilərin hərbi Pilotsuz Uçuş Aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.
Bu gün səhər saatlarında Tovuzun Əlibəyli istiqamətində Azərbaycan ordusunun kiçik çavuşu Məmmədov Elşən Əli oğlu şəhid olub.
Artıq bu gündən ölkə üzrə səfərbərlik elan edilib və demək olar ki, artıq Azərbaycan müharibə ərəfəsindədir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də hərbi vəzifəlilərin orduya çağırılması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.
Musavat qəzetinin Tovuza ezam olunmuş reportyorları xəbər verir ki, hazırda səfərbərlik xidmətinin qarşısına xeyli sayda insan toplaşıb. Onlar Tovuzun müxtəlif kəndlərindən çağırılıblar. Ehtiyatda olan hərbçilərin, hərbi xidməti başa vuran şəxslərin siyahıya alınması prosesi davam edir.