Çayı çirkləndirən sex sahibi cəzalandırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə toyuq cəsədlərinin
Sumqayıtçaya atılması ilə bağlı daxil olan şikayət Xidmətin
əməkdaşları tərəfindən araşdırılıb.
Trend xəbər
verir ki, Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən
əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Araşdırma
zamanı tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu
müəyyən edilib.
“Faktla bağlı akt, protokol tərtib edilərək quşçuluq sexinin
sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində
cərimə olunub”.
Xidmət rəsmisinin sözlərinə görə, tullantıların ərazidən
təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib.
“Təəssüf ki, hələ də belə məsuliyyətsiz hallarla üzləşməli
oluruq və yaşadığımız mühitə etinasız yanaşmanın, ətraf mühitə
laqeyd münasibət göstərən şəxslərin əməllərinin şahidi oluruq.
Hər birimiz anlamalıyıq ki, ətraf mühitə vurduğumuz zərər
özümüzə qayıdır. Gəlin, yaşadığımız mühiti zibilləməyək, ətraf
mühitin çirkləndirilməsinə imkan verməyək”.