Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin dəfn mərasimində iştirak edəcək.
AzerTimes xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində ölkəni təmsil edəcək nazir M.Çavuşoğluna dəfn mərasimində iştirak etməyi tapşırıb.
Qeyd edək ki, yanvarın 2-də Pelenin cənazəsi vəfat etdiyi xəstəxanadan “Santos” klubunun stadionuna aparılacaq. Vida tədbiri yerli vaxtla saat 10:00-da başlayacaq və bir gün davam edəcək. Mərasim ictimaiyyət üçün açıq olacaq. Lakin iştirak etmək istəyənlərin tabuta yaxınlaşması qadağan ediləcək. Əfsanəvi futbolçu yanvarın 3-də dəfn olunacaq.