Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaranmasının 30-cu ildönümü münasibətilə Ankarada yubiley ziyafəti təşkil edilib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, TÜRKSOY rəhbəri, qırğız yazıçısı Sultan Raev Ankarada “Mariot otel”də keçirilən tədbirdə çıxış edərək bildirib ki, türk xalqlarının mədəniyyət, incəsənət və mənəvi dəyərlərinin yaşadılmasında, təbliğində və gələcək nəsillərə ötürülməsində qurumun əvəzsiz xidmətləri var.
Yubiley münasibəti ilə türk dünyasında müxtəlif bayram tədbirləri təşkil olunduğunu xatırladan TÜRKSOY rəhbəri bu çərçivədə quruma töhfələr verən siyasilərə, elm və mədəniyyət adamlarına təşəkkür əlaməti olaraq medallar təsis edildiyini deyib.
Tədbirdə türkdilli xalqlar, o cümlədən Azərbaycana aid mahnı və rəqslər ifa edilib. TÜRKSOY-un yubileyində aktiv fəaliyyət göstərən siyasət, elm, mədəniyyət, qurum və təşkilatların nümayəndələrinə şərəf nişanı və mükafatlar təqdim edilib.
Şərəf nişanı alanlar arasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy və Türkiyənin keçmiş xarici işlər naziri, Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlu da var.