Casusluqda ittiham olunan ermənilərin məhkəməsi keçirilir

Xəbər - Samir Əli -Trend:

Casusluqda ittiham olunan ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verir və iş üzrə olan sənədlər tədqiq edilir.

İttihama görə, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçərək hərbi məlumatlar toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına ötürərək casusluq edib.

Belə ki, təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. Onlar 2020-ci il sentyabr ayında Davit Davtyanla birlikdə Sünikdən Gorusa, oradan da Azərbaycan ərazisinə daxil olublar. Təqsirləndirilən həmin ərazidə ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olaraq, qanunsuz silah-sursat əldə ediblər. Daha sonra onlar döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, say tərkibi və s. məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanların ötürülüblər.

2020-ci il noyabr 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə gələn zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşları tərəfindən saxlanılıblar.


Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq)
279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Teqlər: