İyulun 7-də Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi və “Caspian Energy Club”un üzvləri arasında onlayn formatda görüş keçirilib. Görüşdə DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev, 90-a qədər sahibkar iştirak edib.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, “Caspian Energy Club”un sədri Telman Əliyev çıxış edərək görüşün təşkilində göstərilən dəstəyə görə klub üzvləri adından Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib. O da qeyd olunub ki, DGK ilə “Caspian Energy Club” arasında birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir, bu da gündəlik qarşıya çıxan məsələlərin operativ şəkildə həllinə, gömrük sistemində tətbiq edilən layihələrin, yeniliklərin birgə müzakirə edilərək sahibkarların fikir və rəylərinin öyrənilməsinə imkan yaradır.
DGK sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək artıq ənənə halını alan bu cür tədbirlərin xarici ticarət sahəsində fəaliyyət göstərən bütün maraqlı tərəflərin ehtiyaclarının öyrənilməsinə, problemli məqamların müəyyənləşdirilməsinə və gömrük sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı dayanıqlı həllərin işlənib hazırlanmasına mühüm imkanlar yaratdığını diqqətə çatdırıb.
İsmayıl Hüseynov vurğulayıb ki, ötən dövr ərzində Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, biznesin dövlət tənzimlənmə mexanizmlərinin səmərəliliyinin artırılması, gömrük xidmətində idarəetmənin keyfiyyətinin daha da yüksəldilməsi, azad rəqabət mühitinin yaradılması Azərbaycan dövlətinin əsas prioritetlərindən olub, ulu öndər Heydər Əliyevin siyasi irsi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların icrası istiqamətində zəruri addımlar atılıb. Qeyd olunub ki, ölkədə aparılan uğurlu iqtisadi islahatlar fonunda gömrük xidmətində həyata keçirilən yeniliklər xarici ticarət iştirakçılarının fəallığını artırıb.
İsmayıl Hüseynov bildirib ki, həyata keçirilən islahatların davamı olaraq cari ildə yeni Gömrük Məcəlləsinin qəbulu, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərinin genişləndirilməsi, rəqəmsal gömrük sisteminin formalaşdırılması, tarif nomenklaturunun təkmilləşdirilməsi, gömrük infrastrukturunun inkişaf etdirilməsi, yeni gömrük sərhəd keçid məntəqələrinin tikintisi və ya yenidən qurulması, müasir texniki nəzarət vasitələrinin alınması və quraşdırılması, innovativ texnologiyaların tətbiqi, kiçik və orta sahibkarlıqla bağlı dəstək layihələrinin icrası davam etdiriləcəkdir.
DGK sədrinin müavini Cavad Qasımov tranzit potensialının artırılması, beynəlxalq ticarətin sürətləndirilməsi, gömrük əməliyyatlarının və sərhədkeçmə proseslərinin daha da sadələşdirilməsi istiqamətində atılan addımlardan və gələcək hədəflərdən danışıb, tətbiq ediləcək layhələr barədə məlumat verib.
Daha sonra görüşdə iştirak edən sahibkarların təklif və rəyləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.