CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə) beynəlxalq multimodal nəqliyyat və tranzit marşrutunda iştirak edən dövlətlərin dəmir yolu idarələrinin rəhbərləri Aşqabadda yük daşımalarının artırılması məsələlərini müzakirə ediblər.
AzerTimes xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.
Məlumata görə, iclasda Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın sahə nazirliklərinin, eləcə də müvafiq idarələrinin, habelə logistika şirkət və müəssisələrinin nümayəndə heyəti iştirak edib.
Qeyd olunur ki, marşrutun iki dənizdən və çoxsaylı ölkələrin ərazisindən keçən multimodallığı bu dəhlizin imkanlarından səmərəli istifadə etməyə imkan verir:
“Marşrut istifadəyə verilən 2019-cu ildən indiyədək 30 minə yaxın konteyner daşınıb. Tədbirdə bildirilib ki, məqsəd cari ildə konteyner daşımalarının həcmini 30 min konteynerə çatdırmaqdır. Bu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşımaların aktivləşməsinə və malların çeşidinin genişlənməsinə töhfə verəcək”.