Çaroymaqlılar köçür: əhali 50% azaldı

Çaroymaqlılar köçür: əhali 50% azaldı

Şərqi Azərbaycan əyalətinin Çaroymaq bölgəsində əhalinin sayının azalması prosesi davam edir.

AzerTimes xəbər verir ki, xüsusilə son illər bölgədən başqa yerlərə köç edən çaroymaqlıların sayı kəskin artıb.

3 208 kvadrat kilometr ərazisi olan Çaroymaqda 40 il əvvəl 65 min nəfərin yaşamasına baxmayaraq, başqa bölgələrə köç nəticəsində hazırda mahalın əhalisinin sayı 32 min nəfərə qədər azalıb.

Marağa, Miyana, Zəngan, Sərəskənd və Qərbi Azərbaycan əyaləti ilə qonşu olan Çaroymaq mahalının 30 ildir tələb olunan yol və başqa vacib infrastrukturlarına büdcə ayrılmayıb. Buna görə də mahal ətraf aləmdən təcrid olunmuş vəziyyətə düşüb. Bölgənin yollarının yalnız 33 faizi istifadəyə yararlıdır. Çaroymaq kəndlərinin əksəriyyətinin normal yolu olmadığı üçün bəzən, xüsusilə qış fəslində mahal mərkəzi Qaraağac şəhəri ilə əlaqələri aylarla kəsilir.

İçməli su, yol, infrastruktur, məktəb və səhiyyə xidmətlərinin olmaması, bu günə kimi iş başına gələn hökumətlərin problemlərin həlli üçün vəsait ayırmaması Çaroymağı ən geridə qalmış bölgələrdən birinə çevirib.

Çaroymaqda mövcud olan 70 mədənin 39-nun istismar edilməsinə baxmayaraq, bunun bölgə əhalisinin məşğulluq və məişət problemlərinin həllinə heç bir təsiri olmayıb. Mədənlərin istismarı bərbad vəziyyətdə olan yolların daha çox dağılması və ətraf mühitin məhv olmasına səbəb olub.

Teqlər: