Cənubi Afrika Respublikasının (CAR) iqtisadi paytaxtı –
Yohannesburqun bir çox əraziləri işıqsız qalıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb
şəhəri qidalandıran yarımstansiyaların birində baş vermiş yanğın
olub. Meqapolis rəhbərliyi təxribat versiyasını istisna etmir.
“Biz Yohannesburqun elektrik sistemini sabotaj etmək üçün
koordinasiyalı fəaliyyətlə qarşılaşmışıq. Yaranmış vəziyyətə təcili
müdaxilə etmək üçün ölkə prezidentinə və prokurorluğa müvafiq
bildiriş göndərmişik”, – şəhərin meri Mfo Falatse bildirib.
O, qeyd edib ki, El Dorado Parkındakı yarımstansiyada baş verən
yanğından əvvəl onun yaxınlığında cinayətkar elementlərin kriminal
fəaliyyəti müşahidə olunub. Merin sözlərinə görə, quldurlar bahalı
avadanlıqları, o cümlədən mis kabelləri oğurlayırlar.