Can Laçın, daha qartal olub göylərində uçmağa gərək yoxdur, sən azadsan!

Xəbər - Alpər Ziya – Trend:

Can Laçın! Daha qartal olub göylərində uçmağa, bulaq olub torpağında sürünməyə, yağış olub düzlərinə çilənməyə gərək qalmadı. Çünki sən azadsan. Biz də azadıq, gəlmişik. Səninləyik…

Bəli, Laçının işğalından artıq 29 il keçmir. Şanlı Azərbaycan ordusu bu işğal tarixini məhz burada sonlandırdı. 44 gün ərzində dayanmadan, yorulmadan və ən əsası qorxmadan, əksinə, ürəklə, sevinclə Vətən mücadiləsi aparan ordumuz işğalda olan torpaqlarımızı azad etdi. Onun gücü qarşısında diz çökən düşmən Ağdam və Kəlbəcər rayonları kimi Laçını da bir güllə atılmadan tərk etmək məcburiyyətində qaldı.

Laçın rayonu respublikamızın ən gözəl, füsunkar guşələrindən biridir. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, buz kimi bulaqları, geniş yaylaları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Təəssüf ki, Ermənistanın təcavüzü nəticəsində Laçın rayonunun sakinləri illərdir doğma yurdlarından kənarda köçkünlük həyatı yaşamağa məcbur qaldı. Artıq bu həsrətə son qoyulub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasəti nəticəsində Laçın bir şəhid vermədən işğaldan azad edilib. Daha 18 may tarixi hüzn və kədərlə anılmayacaq. İllərdir doğma yurd həsrəti ilə yaşayan laçınlılar indi ata-baba torpaqlarına qayıtmağa hazırlaşır, o günü səbirsizliklə gözləyirlər.

Bunların səbəbi, əslində ortadadır. Əslində, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı ağır ictimai-siyasi vəziyyəti xatırlatmaq kifayətdir. Həmin illərdə respublikamızda özbaşınalıq, hərc-mərclik, xaos, anarxiya hökm sürürdü. O vaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi ucbatından az qala dövlət müstəqilliyimizi itirmək təhlükəsi yaranmışdı. Vahid ordu, komandanlıq yox dərəcəsində idi.

Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.
Belə bir vaxtda Laçın camaatı demək olar ki, əliyalın vəziyyətdə iki cəbhədə – həm Ermənistan ordusu ilə, həm də Qarabağdakı erməni separatçıları ilə vuruşurdular. Belə bir çətin vaxtda rayona heç bir kömək olunmur, mərkəzdə hakimiyyət uğrunda mübarizə gedirdi. Erməni quldur dəstələri fürsətdən istifadə edərək 1992-ci ilin mayın 18-də olduqca əhəmiyyətli strateji mövqedə olan Laçın şəhərini və rayonun bütün yaşayış məntəqələrini işğal etdilər. İşğal nəticəsində rayonun əhalisi respublikamızın 58 şəhər və rayonuna səpələnərək 30 ilə yaxın dövr ərzində ağır və çətin həyat yaşamağa məcbur oldular.
Ümumiyyətlə, işğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənilər isə işğala məruz qalan digər ərazilərdə olduğu kimi, Laçında da dağıtdıqlarını dağıtdılar, dağıtmadıqlarını da özləri ilə Ermənistana apardılar. Laçında 6000 illik tarixə malik olan abidələr var. Bu rayonda Azıx mağarası ilə müqayisə oluna biləcək abidələrimiz var. Laçın Diyarşünaslıq Muzeyində 5000 eksponat nümayiş etdirilirdi, Laçının rəsm qalareyasında 20-ə qədər eksponat, Laçında Sarı Aşığın qəbri, qəbirüstü abidəsi, ona aid olan 150-yə qədər əşya vardı. Ermənilər bunların hamısını məhv ediblər.

Rayonda dövlət və özəl mülkiyyətə də ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin, talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda “Sotheby`s” auksionunda 80 min ABŞ dollarına satılıb.
Azərbaycan xalqı ötən 29 il ərzində hər il 18 may tarixini Laçın rayonunun işğalı günü kimi qeyd etdi. Bu il isə hər şey tam fərqlidir. Laçın bu gün azaddır və 18 may tarixini Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir. Və bu gün biz Laçınla bağlı xatirələrimizi deyil, işğaldan azad olunmuş rayonun perspektiv inkişaf planlarından danışırıq.

2020-ci ildə Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini də işğalçılardan təmizləmişdi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad edilməsindən sonra Ermənistan 10 noyabr tarixli kapitulyasiya aktına imza atdı. Beləliklə, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları Birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Ağdam və Kəlbəcər rayonları kimi, Laçını da dekabrın 1-də Azərbaycana təhvil verməli oldu. Beləliklə, Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi başa çatdı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində Laçının bir şəhid vermədən qaytarılması, rayonun işğaldan azad olunması tarixi hadisə idi. Bu gün isə Azərbaycan hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri həmin ərazilərə qayıdışı təmin etməkdir. Artıq bu istiqamətdə işlərə başlanılıb, azad olunmuş ərazilərdə bərpa, tikinti işləri görülməkdədir. Heç şübhə yoxdur ki, azad olunmuş rayonların sakinləri qısa zamanda doğma yurd-yuvalarına qayıdacaqlar.

Teqlər: