Camal Rəşid İçərişəhərdə təndir çörəyi yedi – Foto

Camal Rəşid İçərişəhərdə təndir çörəyi yedi – Foto

Ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 21-də dünya mədəni irs abidələrindən biri olan İçərişəhərlə tanış olub.

AzerTimes xəbər verir ki, gəzinti zamanı ali qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar sarayı kompleksi”ni ziyarət edib.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Kiçik Qala küçəsi ilə gəzinti zamanı İraq Prezidentinə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.

Əbdüllətif Camal Rəşid burada isti təndir çörəyinə qonaq edilib.

İçərişəhərlə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb.

Teqlər: