AZAL-ın fəaliyyəti ilə bağlı məsələyə Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə çıxışlarında toxunub və AZAL-ın işinin qənaətbəxş olmadığını qeyd edib.
Bu sözləri AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərovun vəzifəsindən azad olunması bağlı yayılan qeyri-rəsmi xəbəri şərh edərkən bildirib.
“Prezident bu qədər gəlirləri olan qurumun dövlət dotasiyasından ciddi asılı olduğunu bildirib. Halbuki əksinə olmalıdır, AZAL büdcəyə töhfə verməlidir. Eyni zamanda parlamentdə də AZAL-ın rəhbərinin fəaliyəti ilə bağlı çox kəskin çıxışlar olub. Millət vəkillərimiz də AZAL-la bağlı narazılıqlarını ifadə edib: qonşu ölkələrlə müqayisələr aparılıb, AZAL-ın qiymət siyasəti tənqid olunub. Bir çox hallarda vətəndaşların ayrı-ayrı ölkələrə uçmaq üçün AZAL-dan deyil, xeyli məsafə qət edib, Gürcüstana getməsi və Gürcüstan aviaşirkətlərinin xidmətindən istifadə etməsini müşahidə etmişik.
Məsələyə belə yanaşanda AZAL rəhbərliyində ciddi dəyişiklərin baş verməsi, hesab edirəm ki, labüddür”, – deputat qeyd edib.
E.Nəsirovun sözlərinə görə, AZAL-a yeni rəhbərin gələcəyi təqdirdə qiymət siyasətində köklü dəyişikliyin olacağı ehtimalı yüksəkdir:
“Biz qonşu ölkələrin bu məsələlərdə yeritdiyi siyasəti də gərək nəzərə alaq. Elə etməliyik ki, bizim vətəndaşlarımız öz milli aviasiya şirkətini qoyub, başqa şirkətlərin imkanlarından faydalanmasın. Hesab edirəm ki, AZAL-ın rəhbərləyində bu və digər dəyişiklər gözləniləndir. Bu gözləntilər doğruldacağı təqdirdə, bundan xalqımız qazanmış olar”.