“Çağrı Mərkəzi 142”-nin fəaliyyəti yüksək qiymətləndirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı Mərkəzi
142”-nin fəaliyyəti yüksək qiymətləndirilib. Media Təhlil
Mərkəzinin bir neçə meyar üzrə həyata keçirdiyi araşdırma
nəticəsində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin
nəzdində fəaliyyət göstərən “Çağrı Mərkəzi 142” yüksək
qiymətləndirmə balı toplayaraq ilk pillələrdə qərarlaşıb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, araşdırma sorğu
formasında həyata keçirilib. Bir ay müddətində telefon vasitəsi ilə
həyata keçirilən sorğuda çağrı mərkəzlərinin xidmət operativliyi,
vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və
problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas
götürülüb. Bu meyarlar nəzərə alınmaqla qurumların çağrı
mərkəzlərininfəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə
qiymətləndirilib. “Çağrı Mərkəzi 142” bu göstərici ilə 91 qurum
arasında ilk sıralarda yer alıb.

Respondentlərin cavablarında qeyd olunub ki, “Çağrı Mərkəzi
142”-də vətəndaşların suallarına ətraflı cavab verilir,
problemlərin həlli üçün düzgün istiqamət verilir.

Qeyd edək ki, DOST Agentliyinin nəzdində fəaliyyət göstərən “Çağrı Mərkəzi 142” tərəfindən bu günə qədər 2,2 milyondan çox
vətəndaş zəngi cavablandırılıb. Müraciətlərin 41%-i Bakı
şəhərindən, 59%-i ölkəmizin digər bölgələrindən daxil olub. Hazırkı
statistik göstəricilərə əsasən, vətəndaşların “Çağrı Mərkəzi
142”-dən məmnunluq səviyyəsi 92.6%-dir.

Son dövrlər “Çağrı Mərkəzi 142”-nin fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər
nəticəsində zəng edən vətəndaşların gözləmə vaxtı 48 saniyəyə
endirilib.

Teqlər: