Cəlilabad rayonu ərazisində qədim dövrə aid daş salnamə aşkar edilib.
Rayonun Şatırlı kəndindəki eyni adlı meşəlik ərazidə tapılan yazılı nümünə illərdir ki, kimsənin diqqətini cəlb etməyib. Lakin tarixçi Elşad Əmənov sal daşın üzərindəki işarələri araşdırdıqda məlum olub ki, əslində bu adi daş yox, tarixi eramızdan əvvələ aid olan yazılı nümünədir.
Runik-Türk qrafikası ilə yazılmış daş salnamə 14 hərf-işarədən ibarətdir. Tarixçinin sözlərinə görə, bu yazı növü 3800 il bundan əvvəl yaranıb və müxtəlif xalqlar öz mədəniyyətlərini gələcək nəsillərə ötürmək üçün uzun müddət məhz bu əlifbadan istifadə ediblər. E.ə V əsrə aid olduğu bildirilən yazılı nümunədən bir neçə yüz metr kənarda qədim yaşayış məskəni mövcuddur. Ehtimal olunur ki, üzərində işarələr olan daş hər hansı tanınmış qəbilə başçısının qəbirüstü abidəsidir.
Qeyd edək ki, daş üzərindəki işarələr düzülüşünə görə, Mingəçevir abidələri ilə oxşarlıq təşkil edir. Bundan başqa buradakı şərti işarələrə Şimali Qafqaz, Altay, Urmiya və Ön Asiyada da rast gəlinir.