Bütün kommunikasiyaların açılması Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyi reallığa çevirəcək – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ayrıseçkilik olmadan bütün kommunikasiyaların eyni vaxtda açılması Çənubi Qafqaz regionunda proqnozlaşdırma, sabitlik və təhlükəsizliyi reallığa çevirəcək.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər beynəlxalq reytinq sıralamalarda ölkəmizin mövqeyini kifayət qədər gücləndirib: “Davos Dünya iqtisadi Forumunun hesabatında yolların keyfiyyətinə görə Azərbaycan dünyada 24-cü yerdə sıralanır.

Azərbaycan yerləşdiyi coğrafi yerindən səmərəli istifadə edərək Avroasiyanı bir-birinə bağlayan beynəlxalq layihələri reallaşdırmışdır. 2017-ci ildə Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilmiş, yükaşırımı gücü 10 milyon ton olan və gələcəkdə 25 milyon tona qaldırmaq imkanına malik Ələt Beynəlxalq Ticarət Limanı inşa olunub. Həm də ölkəmiziin avtomobil yolları yenidən qurulmuş, Cənub-Şimal, Qərb-Şərq nəqliyyat dəhlizləri vasitəsilə daşınmaların həcmi sürətlə artmaqdadır”.

A.Badamov qeyd edib ki, Azərbaycanın ərsəyə gətirdiyi beynəlxalq nəqliyyat dəhlizlər nəinki Azərbaycana, həm də bizimlə əməkdaşlıq edən bütün qonşu ölkələrə də gəlir gətirir: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi regionda yeni reallıq yaratmışdır. Bu yeni reallığa uyğun olaraq ölkəmiz işğaldan azad olunmuş ərazilərdə də yol infrastrukturun yenidən qurulması və şaxələndirilməsi istiqamətində yeni layihələri sürətlə icra edir.

Təbii ki, bu yol layihələrimiz işğaldan azad olunmuş ərazilərə qayıdacaq sakinlərimiz üçün rahatlıq yaradacaqdır. Bunula yanaşı, bu, həm də yeni beynəlxalq layihələrin meydana gəlməsinə bir təşəbbüsümüzdür. Yeni reallıq Ermənistandan keçən 40 km-lik qısa bir ərazidə dəmir yolu və avtomobil yollarını yenidən qurulmasını zərurətə çevirib.
Bu dəhlizin açılması 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda da öz əksini tapmış və Ermənistan bu dəhlizin yaradılmasına imza ataraq öhdəlik götürmüşdür. Ermənistan əgər 10 noyabrda bu öhdəliyi götürməsəydi, tamamilə məhv ediləcəkdi. Amma çox təəssüf ki, Ermənistan rəhbərliyi həmişə olduğu kimi, öz imzasına sadiq qalmır və kommunikasiyaların açılmasını qəsdən yubadır. Düşünürəm ki, üçtərəfli bəyanatda qeyd olunaraq icra olunmamış iki bəndin sürətlə icasını reallaşdırmaq üçün “dəmir yumruğun” gücünü Ermənistana xatırlatmaq lazımdır. Çünki, Dəmir yumruq ermənilərin qorxulu röyasına çevrilmişdir. Ermənistan elə zənn edir ki, müharibə dayandı və hər şey bitdi. Bu heç də belə deyil. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi hər bir söz reallaşır. Son 17 ildə yaşadığımız qısa bir tarix bunu sübut edib. Ermənilər başa düşməlidirlər ki, havdarlarına arxayın olub heç nəyə nail ola bilməyəcəklər. Hətta atalar sözündə deyildiyi kimi, “başqasının əli ilə aş yeyənin qarnı doymaz”. Ermənistan nə qədər ki, havadarların diqtəsilə oturub-duracaq, heç vaxt müstəqil ola bilməz və həmişı səfalətdə qalacaq. Hesab edirəm ki, Ermənistan Azərbaycanın verdiyi son şansından istifadə etməli, düşmənçilik meyillərinə son qoymalı, qonşulara olan torpaq iddialarından əl çəkməli və üçtərəfli bəyanatın icra olunmamış bəndlərini tezliklə icra etməlidir.

Azərbaycan isə Ermənistandan fərqli olaraq sərhədə qədər olan ərazidə dəmir və avtomobil yollarının tikintisini davam etdirir və yaxın gələcəkdə ərazimizdəki bütün yol layihələri hazır olacaq. Kommunikasiyaların açılması region ölkələrin əməkdaşlıq imkanlarını genişləndirəcək. Azərbaycanın Naxçıvanla quru yolu açılacaq. O cümlədən, Ermənistanın da Rusiyaya və İrana yolları açılır. Həm də Ermənistanın Türkiyə ilə sərhədləri də açılacaqdır. Beləliklə, regiona davamlı sülh və təhlükəsizlik gələcəkdir. Azərbaycanın istəyi budur. Avropa İttifaqı və digər ölkələr də Azərbaycanın istəyinin reallaşmasına töhfə verməlidirlər ki, bütün kommunikasiyalar açılsın, regionda sabitlik, təhlükəsizlik dayanıqlı olsun və yaranacaq yeni nəqliyyat dəhlizindən hamı yararlana bilsin”.

Teqlər: