Qafqazda yeni status-kvo formalaşmağa başladı. Bu, “Dağlıq Qarabağ”da növbəti iki günlük (və ardıcıl üçüncü, ən qısa) müharibənin əsas nəticəsidir. Tanınmamış “dqr”in praktiki olaraq heç bir perspektivi yoxdur. Azərbaycan qələbəni qeyd edir.
AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı ermənipərəst politoloq Sergey Markedonov sosial şəbəkə hesabında Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında 19-20 sentyabrda keçirdiyi 24 saatlıq antiterror tədbirləri haqda qeyd edib.
“Postsovet münaqişələri tarixində ikinci hadisədir ki, “ana dövlət” separatçı regiona nəzarəti ələ alır. Amma əgər Çeçenistanda müzakirələr regionun ümumrusiya siyasi-hüquqi məkanına xüsusi şərtlərlə (ilk növbədə rəsmi, həm də qeyri-rəsmi) inteqrasiyasından gedirdisə, hazırda Qarabağı genişmiqyaslı yenidənformatlaşdırma gözləyir. Erməni icmasının öz Kadırovu olmayacaq, Bakı bu varianta hazır deyil və kartlar bu gün Azərbaycan hakimiyyətinin əlindədir. Onun nümayəndələri etibarsız şəxslərin siyahılarını tərtib edərkən, tanınmamış elitanın inteqrasiya imkanlarını müzakirə etmirlər”, – deyə o iddia edib.
Markedonovun sözlərinə görə, hazırkı nəticə 2020-ci ildə proqramlaşdırılmışdı:
“O vaxt Bakı öz qələbəsini qeyd etdi, lakin Rusiya sülhməramlılarının iştirakı, üçtərəfli bəyanatlar və “dqr”in faktiki formalaşdırılması, infrastrukturunun kiçildilmiş formada da olsa, qorunub saxlanması Azərbaycanın uğurunu ciddi şəkildə məhdudlaşdırdı. 2022-ci ildə Rusiyanın Cənubi Qafqazda mövcudluğu məlum səbəblərə görə azaldı və prioritet əhəmiyyətli dərəcədə dəyişdi. İrəvan rəhbərliyinin Qərb dövlətlərinin təmsil etdiyi “təhlükəsizlik konsorsiumu” ilə bağlı hesablamalarının yanlış olduğu ortaya çıxdı. İran üçün isə prioritet Ermənistanın cənubundakı vəziyyətdir, İslam Respublikası Qarabağ uğrunda döyüşmək istəmir və döyüşə də bilməz. Üstəlik, Ermənistan daxilində cəmiyyət uzun sürən münaqişədən yorulmuşdu və gələcək sülhün təminatı kimi güzəştləri revanşist arzulardan üstün tutmuşdu.
Bu kontekstdə Bakı kökə və kötək – təzyiq üsulları və danışıqları birləşdirərək fəaliyyətini kəskin surətdə gücləndirdi. Nəticədə sərt gücə üstünlük verildi. Və indiki eskalasiyanın sonuncu olması fakt deyil. “Durğunluq” dövrünün məşhur mahnısında dediyi kimi, “hələ hər şey bitməyib”. Təəssüf ki, Qarabağsız da Ermənistanla Azərbaycan arasında kifayət qədər fikir ayrılığı var”.