Bütün İslam dünyası Azərbaycanın yanında olacaq – İƏT Təmas Qrupunun üzvü

Xəbər - Elçin Mehdiyev – Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycana öz səmimi dəstəyini göstərib. İslam dünyası bu məsələdə Azərbaycanın yanında yer aldı. Qərb dünyasında Azərbaycanın qələbəsi ilə bağlı bəzi xoşagəlməz fikirlər oldu, ancaq müsəlman dünyası Azərbaycanı dəstəklədi.

AzerTimes-ın məlumatına görə, bunu İƏT Təmas Qrupunun nümayəndə heyətinin üzvü Mehmet Metin Eker Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə hərs olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, İƏT bundan sonra da Azərbaycanın yanında olacaq: “Ağdama səfər edərkən çox kədərli bir mənzərənin şahidi olduq. Ağdamda tək bir bina salamat qalmayıb. Ermənilər təkcə insanlara deyil, təbiətə, mədəniyyətə qarşı da düşmənçilik, vandallıq nümayiş etdirib. Məscidləri, dini abidələri məhv etmək mədəniyyətə qarşı vandallıqdır”.

M.M.Eker vurğulayıb ki, Azərbaycanın bu müharibədə qələbəsi İslam dünyasının qələbəsidir: “Azərbaycanın bu qələbəsi İslam dünyasında zülümlərin aradan qaldırılması üçün səbəb olacaq. İndi qarşıda duran əsas məsələ Qarabağda təhlükəsizliyi tam bərpa etmək və orada həyatı bərpa etməkdir. Bütün İslam dünyası bu məsələdə də Azərbaycanın yanında olacaq”.

Teqlər: