Bütün bunları eks-nazirin tapşırığı ilə icra edib

Bütün bunları eks-nazirin tapşırığı ilə icra edib

Dövlət büdcəsindən ayrılan pulların necə və hansı qaydada xərclənməsindən xəbəri olmayıb.

AzerTimes xəbər verir ki, bu fikirləri Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində ifadə verən Bəxtiyar İsgəndərov deyib.

O, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə bildirib ki, nazirliyin tikilməkdə olan obyektlər idarəsinin rəisinin müavini işləyib.

Hakim 2014-cü ildə sosial evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılan 20 milyon manat pulun müqabilində nə iş gördüklərini soruşub. Şahid qeyd edib ki, sosial evlərin tikintisi üçün elan edilən tenderlər formal olaraq həyata keçirilib:

“Bütün bu işlər Səlim Müslümovun tapşırığı ilə nazirliyin tikilməkdə olan obyektlərin idarə rəisi Natiq Əzizov icra edib. Tenderlərin nəticəsi əvvəldən bəlli idi. Ancaq dövlət büdcəsindən ayrılan pullar sosial evlərin tikintisinə xərclənib, amma necə və hansı qaydada xərclənməsindən xəbərim olmayıb.

Digər şahid Mahir Şükürov vurğulayıb ki, 11 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin (Şirvan şəhəri, Salyan və Haciqabul rayonları) rəisi olub, hazırda işsizdir. Qeyd olunub ki, şahid 2014-cü ilin may və oktyabr ayları ərzində Dövlət Əmək Müfəttişliyinin keçmiş rəisi Fuad Əlizadəyə çatdırılması üçün rüşvət qismində sektor müdiri Emil Allahverdiyev vasitəsilə hər ay 4 000 manat olmaqla pul çatdırıb.

Daha bir şahid Vüqar Abdullayev bildirib ki, 2014-2016-cı illər ərzində 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində işləyib. Hazırda isə Dövlət Gömrük Komitəsində mühasib vəzifəsində çalışır.

“Bizim işimiz müəssisələri yoxlamaq olub. Qanun pozuntusuna yol verən müəssisələrə cərimə yazmışıq. Hər ay Emil Allahverdiyev vasitəsilə Səlim Müslümova verməsi üçün Fuad Əlizadəyə 25 000 manat göndərmişəm”, – o qeyd edib.

Digər şahid Mirsəlim Seyidov deyib ki, Bakıda əmək müfəttişi işləyib. O bildirib ki, böyük məbləğlərdə cərimə yazıblar: “Ümumilikdə 1,5 milyon manat cərimə yazmışıq”. Hakim onun istintaqa verdiyi ifadəsini elan edib. O, ifadəsində vurğulayıb ki, xırda müəssisələrə cərimə tətbiq olunub: “Hər ay 20-25 min manat pul yığılıb. Fuad Əlizadə pul yığılması üçün xüsusi komanda yaratmışdı. Yığılan pulların hamısı Fuad Əlizadəyə çatdırılırdı”.

Növbəti proses dekabrın 19-da davam edəcək.

Teqlər: