Bütün bunlar Şuşanın əsl sahibinə qovuşmasını simvolizə edən önəmli amillərdir – Şahin İsmayılov

Vətən müharibəsinə qədər Ali Baş Komandanın öz iradəsi və qətiyyətli mövqeyi ilə həyata keçirdiyi fəaliyyətin tərkibində xalq qarşısında çıxışları xüsusi yer tutur. Tarix göstərdi ki, ölkəmizin başçısının dediyi sözlər reallığa çevrilən vədlər idi. Bu reallıqların arxasında isə böyük siyasətçinin həyata keçirdiyi düzgün daxili və xarici siyasət dururdu. Vətən müharibəsindəki böyük qələbədən sonra isə Müzəffər Ali Baş Komandanın hər dəfə işğaldan azad edilən ərazilərə səfəri, müxtəlif vaxtlarda etdiyi çıxışları cəmiyyət tərəfindən qürur hissi ilə izlənilir. Bu qəbildən olan daha bir səfər və çıxışı dekabrın 24-də, məhz möhtərəm Prezidentin 60 illik yubileyi ilə eyni gündə baş verdi. Prezidentin özü üçün əlamətdar olan günlərdə xalq arasında olması xalqa və dövlətə xidmətin və sevginin göstəricisidir.

Ali Baş Komandan Hadrut qəsəbəsində hərbi hissənin açılışı zamanı bir daha Müzəffər Azərbaycan ordusunun qarşısında çıxış edərək tarixi ədalətin bərpasından, bu işdə ordumuzun göstərdiyi şücaətdən, Hadrut əməliyyatının əhəmiyyətindən və bir sıra əsas məqamlardan söz açdı. Prezident bildirdi ki, müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb. Müzəffər Ali Baş Komandan bununla düşmənə daha güclü Azərbaycan ordusunun yaradılması mesajını vermiş oldu. Necə ki, xalqımız işğalla barışmayıb və ədalətin bərqərar olunmasına nail olub, bundan sonra da güclü ordu və vətənpərvər insanlar ölkəmizə qarşı ədalətsizlik edən düşmənin dərsini verəcək.

Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri sayca yeddinci idi. Prezident hər dəfə Şuşaya əlamətdar hadisələrlə bağlı gedib. Milli bayramımız olan Novruz bayramını Şuşada qeyd etməsi, Xarıbülbül festivalı, Şuşa Bəyannaməsinin imzalanması, müxtəlif açılış və təməlqoyma mərasimlərinin hər biri tarixi hadisələrdir. Bütün bunlar Şuşanın əsl sahibinə qovuşmasını simvolizə edən önəmli amillərdir. Azərbaycanın gözü olan Şuşada çıxışı zamanı ilk dəfə Prezident seçildiyi gündən bu günə qədər xalqın dəstəyini hiss etdiyini qeyd edən ölkə başçısı “Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq” – deyə söyləməklə xalqımızın dəstəyinə güvəndiyini dedi. Bu dəstək Azərbaycan dövlətinin inkişafına yönələn ən əsas amillərdəndir. Müdrik xalqımızın öz liderinə olan inamı dövlətimizin güclənməsi üçün görülən işlərdə ölkə başçısına mənəvi güc verib.

Şahin İsmayılov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Teqlər: